Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə videomüraciət yayıb
Bakı, 31 may, AZƏRTAC
Ombudsman Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə videomüraciət yayıb.
AZƏRTAC xəbər verir ki, ombudsman Səbinə Əliyeva bu əlamətdar gün münasibətilə bütün uşaqları səmimi qəlbdən təbrik edib, onlara uğurlar və layiqli vətəndaş olmağı arzulayıb. Bildirib ki, gələcəyimiz olan uşaqların xoşbəxt olması üçün böyüklər onları diqqət və qayğı ilə əhatə etməlidirlər.
Qeyd olunub ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasında və digər mühüm sənədlərdə uşaqlarla bağlı təsbit olunan hüquqların həyata keçirilməsi, onların təhlükəsiz, bərabər, tolerant və sağlam mühitdə yaşamaqları, layiqli həyat səviyyələrinin təmin edilməsi bütün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu öhdəliklərin həyata keçirilməsində milli insan hüquqları institutları xüsusi əhəmiyyətə malikdir. Uşaqların hərtərəfli inkişafı və maraqlarının qorunması istiqamətində göstərilən səylərə baxmayaraq, əfsuslar olsun ki, müasir dünya reallığında onlar müharibələr, yoxsulluq, ciddi xəstəliklər, böyüklərin laqeydliyi, zorakılıq, zərərli məlumatlar və digər bu kimi təhlükələrə məruz qalırlar.
Ombudsman təəssüflə bildirib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olmuş, 50-si yaralanmış, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə çoxsaylı belə hallar baş verib.
Diqqətə çatdırılıb ki, Ermənistanın ötənilki hücumları həm də istedadlı uşaqların həlak olmasına, onların təhsil, idman, incəsənət və digər sahələrdə gələcəyə dair arzularının məhvinə gətirib çıxardı.
Müvəkkil qeyd edib ki, Gəncə şəhərinə raket hücumu nəticəsində Rusiya Federasiyasının vətəndaşının da həlak olması Ermənistanın törətdiyi cinayətlərin dilindən, dinindən, milli, etnik, sosial mənşəyindən və digər əlamətlərindən asılı olmayaraq, bütün uşaqların hədəfə alındığını bir daha sübuta yetirdi. Azərbaycan isə heç bir ayrı-seçkiliyə yol vermədən hər bir uşağın hüquqlarına hörmət bəsləyir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşamasını təmin edir.
“Ermənistan dəfələrlə 1949-cu il Cenevrə konvensiyaları, BMT-nin Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn bir çox normalarını kobud şəkildə pozmuşdur. Təəssüf ki, ermənilərin basdırdığı və xəritələrini vermədiyi çoxsaylı minalar uşaqlar da daxil olmaqla, mülki insanların həyat və sağlamlığı üçün hələ də ciddi təhlükə olaraq qalmaqdadır. Lakin hələ ki, Ermənistana qarşı heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməmişdir.
Bu gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, həmçinin 4 iyun - Aqressiya Qurbanı Olmuş Günahsız Uşaqlar Günü ərəfəsində dünya birliyini uşaqları müharibədən, zorakılıqdan qorumaq, onlarla bağlı hüquq normalarını təmin etmək və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan hədəflərə çatmaq üçün səyləri birləşdirməyə, uşaqlara qarşı ayrı-seçkiliyə yol verməməyə, uşaqlara qayğı ilə yanaşmağa və dəstək göstərməyə çağırıram. Gəlin, bu günümüz və gələcəyimiz olan uşaqları birlikdə qoruyaq və onların hüquqlarını təmin edək!”, - deyə müraciətdə bildirilir.