ELM VƏ TƏHSİL
Onlayn iclas: İKT vasitələrindən istifadə edərək pandemiya dövrünün idarə olunması
![Onlayn iclas: İKT vasitələrindən istifadə edərək pandemiya dövrünün idarə olunması](/files/2020/2/1200x630/15891126762229456307_1200x630.jpg)
Bakı, 10 may, AZƏRTAC
AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “İKT vasitələrindən istifadə edərək pandemiya dövrünün idarə olunması” mövzusunda onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda şuranın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Rəşad Məstəliyev elmi müəssisənin gənc alimlərinin pandemiya dövründə yerinə yetirdikləri işlərdən danışıb. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində yaradılan imkanlardan söz açaraq, bu fürsətlərdən yetərincə faydalanmağı tövsiyə edib.
Sonra şuranın sədr müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygün Əliyeva pandemiya dövründə informasiya mühitində yanlış və neqativ informasiyalardan qorunmaqla inkişafın təmin olunmasından, neqativ informasiyaların yarada biləcəyi çətinliklərdən və bu hallardan qorunmaq üsullarından söz açıb.
Şuranın sədr müavini, kiçik elmi işçi Lamiyə Nəcəfova karantin dövründə tədris prosesində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və distant təhsildən danışıb. Bu sahədə istifadə edilən yeni proqram və vasitələrin təhsildə rolunu qeyd edib.
İnstitutun elmi işçiləri Sevinc Babayeva karantin dövründə Xarici əlaqələr şöbəsi tərəfindən yerinə yetirilən işlər və üzərində çalışdığı dissertasiya işi, Valeriya Puşnova yeni çapdan çıxmış “Distant təhsil” mövzusunda məqaləsi, Ləman Məmmədova 3.5 saylı laboratoriyada görülən işlər və Ukraynada keçirilən onlayn beynəlxalq konfrans üçün tezislər ətrafında çıxış ediblər.