Onun mahnıları hər zaman aktualdır – Xalq artisti Əlibaba Məmmədov
Bakı, 9 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzindən (BMM) birbaşa yayımlanan, Mədəniyyyət Nazirliyinin və "Mədəniyyət" kanalının birgə reallaşdırdığı “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti buraxılışının qonaqları Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov olublar.
AZƏRTAC xəbər verir ki, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının da iştirak etdiyi efirdə Əlibaba Məmmədovun yaradıcılığından və muğam sənətinə töhfələrindən söz açılıb. Bildirilib ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub. Bu mahnılar xalq tərəfindən sevilir.
Mənsum İbrahimov qeyd edib ki, Əlibaba Məmmədov muğam sənətimizin ağsaqqalı, muğam ifaçılarının hər zaman ehtiyac duyduğu bir insandır. Onun mahnıları hər zaman aktualdır. Onun bütün muğam ladlarında mahnıları var. Fevralda BMM-də sənətkarın 90 illiyi “Gəncləşən muğam” layihəsi çərçivəsində qeyd edilib. Əlibaba müəllim hər gün muğam ifaçılarının yanındadır. Ona görə ki, hər gün onun mahnı və təsnifləri istər dərs otaqlarında, istərsə də repertuarlarda yer alır”.
Səadət Təhmirazqızı Əlibaba Məmmədov haqqında yazdığı “Bizim ustad” kitabının ərsəyə gəlməsindən söz açıb. Diqqətə çatdırıb ki, müəllimi Seyid Şuşinskidən öyrəndiklərini təkmilləşdirərək illərlə gənc nəslə ötürüb. Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırıb. Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir.
Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov Xalq artisti, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli xanəndənin pedaqoji fəaliyyətindən danışaraq Əlibaba müəllimin vaxtilə rəhbəri olduğu “Humayun” ansamblında çalışdıqlarını vurğulayıblar.
Sonra Əlibaba Məmmədovun yazdığı “Yaşa ürəyim”, “Min yaşasın” və digər mahnıları ifa edilib.
“Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.