ORDUBAD İNTERNAT-MƏKTƏB KOMPLEKSİNİNAÇILIŞI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Ordubad şəhərində internat-məktəb kompleksinin açılışında iştirak etmişdir.
Mərasimə toplaşmış rayon sakinləri, o cümlədən məktəblilər, müəllimlər dövlətimizin başçısını böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
1964-cü ildən fəaliyyət göstərən bu internat-məktəbin binası yararsız vəziyyətə düşdüyünə görə, bu il əsaslı şəkildə yenidən qurulmuşdur. 430 şagird yerlik kompleksə yataqxana korpusu, 204 yerlik yeməkxana, idman salonu və meydançası, dərzilik, çəkməçilik, xalçaçılıq sənətlərini öyrənmək üçün peşəyönümlü kabinələr, laboratoriyalar və yardımçı tikililər daxildir. Şagirdlərin təlim-tərbiyəsi ilə 80-nə yaxın müəllim və tərbiyəçi məşğul olur. 2006-cı ildə internat-məktəbi bitirən 10 məzundan 6 nəfəri yüksək balla ölkəmizin müxtəlif ali təhsil ocaqlarına daxil olmuşdur.
Prezident İlham Əliyev sinif otaqlarına, müxtəlif fənn laboratoriyalarına, kompyuter otağına, idman salonuna, yeməkxana və yataqxanaya baxdı. Dövlətimizin başçısı məktəbin Şərəf lövhəsində ulu öndər Heydər Əliyevin orta məktəbdə oxuduğu zaman ona verilən qiymət cədvəlinin vurulmasını müsbət hal kimi dəyərləndirdi və bunun digər məktəblərdə də olmasını tövsiyə etdi. Bildirdi ki, bu, şagirdlərin yaxşı oxumaları üçün nümunə olacaqdır.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimə toplaşanlar qarşısında nitq söylədi.
Mərasimdə çıxış edən məktəbin müəllimi Nuridə Məmmədli dövlətimizin başçısına müraciətlə dedi:
-Möhtərəm cənab Prezident,
Məktəbimizin açılışında iştirakınızla bizə böyük sevinc bəxş etdiyinizə görə kollektivimiz adından, Ordubad ziyalıları adından Sizə öz dərin minnətdarlığımızı və ehtiramımızı bildirir, Azərbaycanın bu dilbər guşəsinə “Xoş gəlmisiniz!” deyirik.
O vurğuladı ki, memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanımız onun gərgin səyləri sayəsində müasirləşmə və inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndərimizin XXI əsr Azərbaycanının inkişaf strategiyasına çevrilmiş müdrik siyasəti bu gün Sizin tərəfinizdən böyük əzmkarlıqla davam etdirilir. Bu siyasətin təntənəsini Azərbaycanın bütün guşələrində, o cümlədən muxtar respublikamızda görürük. İndi muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, orada Sizin yadigarlarınız olmasın. Torpaqlarımızın qorunması üçün ordumuza göstərdiyiniz diqqəti isə sərhəd bölgələrinin sakinləri kimi biz daha dərindən hiss edirik.
N.Məmmədli daha sonra dedi ki, ulu öndərimiz Heydər Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin davamı olaraq, son illərdə Ordubad rayonunda 15 müasir məktəb binası tikilmişdir. Bu il ucqar dağ kəndi olan Biləvdə Heydər Əliyev Fondu tərəfindən müasir tipli məktəb binası inşa olunmuşdur. Rayon mərkəzindən 65 kilometr məsafədə yerləşən Bist kəndində yeni məktəb binası istifadəyə verilmişdir.
X X X
Mərasimin sonunda Prezident İlham Əliyev müəllim və şagirdlərə hədiyyə, məktəb forması, çanta təqdim etdi.