Ordubad “Qərbi Azərbaycana Qayıdış” III festival-konqresinə ev sahibliyi edəcək
Naxçıvan, 15 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış” III festival-konqresi keçiriləcək. Birincisi Naxçıvan şəhərində, ikincisi Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana Qayıdış” festival-konqresinin növbəti mərhələsi bu dəfə Ordubad rayonunda təşkil olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev "Qərbi Azərbaycana Qayıdış" III festival-konqresi ilə bağlı media üçün təşkil olunan brifinqdə deyib.
Rektor qeyd edib ki, əvvəlki illərdə keçirilən konfrans və elmi sessiyalar bu sahədə mühüm elmi baza formalaşdırıb, yeni tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradıb. Həmin tədbirlər həm akademik, həm də mədəni mühitdə geniş maraq doğurub. Bu mövzuda keçirilən ilk iki konfransda ölkəmizin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə və digər ölkələrin universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəlib, Qərbi Azərbaycanla bağlı elmi yenilikləri dinləyib, fikir mübadiləsi aparıblar və bir sıra yeni elmi qənaətlərə gəliblər.
Müxbir- Nail Əsgərov