Oskar Temaru: Maohi Nuinin suverenliyi uğrunda beynəlxalq mübarizəni davam etdirəcəyik
Bakı, 2 sentyabr, AZƏRTAC
Maohi Nuinin (Fransız Polineziyası) müstəqilliyi uğrunda mübarizə aparan "Tavini Huiraatira" partiyasının lideri Oskar Temaru ölkəsinin onilliklər boyu davam edən Fransa müstəmləkəçiliyinə son qoyacağını və suveren dövlət kimi tanınması istiqamətində beynəlxalq platformalarda fəaliyyətini davam etdirəcəklərini bildirib.
Bakı Təşəbbüs Qrupundan AZƏRTAC-a verilən məlumata görə, Oskar Temaru Maohi Nuinin tam suverenliyi ilə bağlı bəyanat hazırlayıb. Bəyanat oktyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının Siyasi məsələlər və dekolonizasiya üzrə Dördüncü Komitəsinin iclasları çərçivəsində təqdim ediləcək.
Temarunun fikrincə, Maohi Nuinin rəsmi Parisdən qaynaqlanan siyasi məhdudiyyətlərdən və institusional asılılıqdan çıxmasının əsas yolu xalqın öz gələcəyini sərbəst müəyyənləşdirməsi və suveren dövlət quruculuğu prosesinə başlamasıdır. O hesab edir ki, Fransanın ərazi üzərindəki nəzarəti artıq tarixi baxımdan əsassız və qanunsuz xarakter daşıyır, ərazinin dekolonizasiyası isə artıq beynəlxalq gündəlikdə yer alıb və bu proses BMT çərçivəsində davam etdirilməlidir.
Qeyd edək ki, Fransanın uzun illər ərzində göstərdiyi müqavimətə baxmayaraq, Fransız Polineziyası 2013-cü ildə BMT Baş Assambleyasının qərarı ilə yenidən özünü idarə etməyən ərazilər siyahısına daxil edilib.
Oskar Temaru məsələ ilə əlaqədar petisiyaya start verməyi planlaşdırır. Petisiyanın məqsədi Maohi Nuinin Fransa müstəmləkəsindən azad olaraq müstəqillik qazanmasının məhz əhalinin özünün siyasi iradəsi olduğunu və bu tələbin geniş xalq dəstəyinə malik olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Temaru bu təşəbbüs üçün seçicilərin əksəriyyətinin dəstəyini prosesin legitimliyi baxımından vacib şərt kimi qiymətləndirir.
Bu tarixi mübarizədə Bakı Təşəbbüs Qrupu (BTQ) "Maohi Nui" xalqının öz müqəddəratını təyinetmə hüququnu və dekolonizasiya prosesini qlobal platformalarda qətiyyətlə müdafiə edir. Tərəfdaşlığın institusional əsasını təşkil edən sənəd 2024-cü il aprelin 26-da BMT-nin Vyanadakı ofisində Bakı Təşəbbüs Qrupu ilə "Tavini Huiraatira" Partiyası arasında imzalanıb.