Ötən 4 il ərzində dünyada onlayn formatda psixoloqlara müraciət edənlərin sayı artıb
Bakı, 29 yanvar, AZƏRTAC
COVID-19 pandemiyası başlayandan sonra stresdən əziyyət çəkənlərin sayı dünyada artıb. Bu vəziyyət səbəbindən ötən il xəstəxanaların psixiatriya və psixologiya şöbələrinə müraciətlər çoxalıb.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, mütəxəssislər psixiatriya və psixologiya şöbələrinə müraciətlərin artmasını kollektiv travmaların yaşanması ilə əlaqələndiriblər.
Bir çox ölkələrdə yaranan maddi çətinliklər, xəstəliklər, travmalar, itkilər, xüsusilə təbii fəlakətlər, zəlzələ və terror hadisələri insan psixologiyasına ciddi zərər yetirib.
Pandemiya dövründə isə onlayn psixoloq xidmətlərinə maraq artıb. Onlayn terapiya, ilk növbədə vaxta qənaət etmək imkanı yaradır. Terapiya almaq istəyən pasiyentlər özlərini rahat hiss etdikləri mühitlərdə psixoloqlarla görüşməyə başlayır.
Başqa bir səbəb isə onlayn müalicələrin pasiyentlərə anonimlik seçimi verməsidir. Təəssüf ki, cəmiyyətdə hələ də terapiya almaqdan çəkinən, psixoloq kabinetində görünmək istəməyən insanlar var. Onlayn terapiya şəxsiyyət məlumatlarını vermək istəməyən və söhbətlərini video deyil, yalnız səs və yazı formasında aparmaq istəyən müştərilər üçün cəlbedici ola bilər.
Eyni zamanda, onlayn terapiya fiziki qüsurlu və ya yaşadıqları yerdə terapiya xidmətləri olmayan şəxslər üçün psixi sağlamlıq xidmətləri almağa imkan yaradır.
Yeni formalaşan və inkişaf edən onlayn psixoloji terapiya bu sahədə rəqabəti, xidmət keyfiyyətini artırır, psixoterapiya xidmətlərini maliyyə baxımından daha əlçatan edir.