Ötən bir həftə ərzində Xankəndidə tapılan silah-sursatın sayı açıqlanıb
Bakı, 6 iyul, AZƏRTAC
Polis əməkdaşları iyunun 29-dan iyulun 5-dək Xankəndi şəhəri ərazisində 78 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 22 qumbara, 2 mina, 32 alışdırıcı, 90 partlayıcı, 58 mərmi, 81 rabitə vasitəsi, 116 süngü-bıçaq, 16 binokl, 29 gecəgörmə cihazı, 1532 patron darağı, 6101 müxtəlif çaplı patron, 10 kiloqram barıt və digər sursatları aşkar edərək götürüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.