Ötən il Beyləqanda yeni ailə quran 1208 şəxs tibbi müayinə olunub
Beyləqan, 13 yanvar, AZƏRTAC
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, 2019-cu ildə Beyləqanda 1208 nəfər müayinə olunub.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim hematoloqu Nəzakət Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xəstəxana skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin edilib. Xəstəxanada hematoloji kabinet yaradılıb. Götürülmüş qan nümunələri Bakı şəhərinə Xüsusi Qan Xidməti avtomobilləri ilə çatdırılır.
Nikaha daxil olmaq istəyən şəxslər Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir. Ötən il aparılan müayinələr zamanı 4 nəfərdə talassemiya xəstəliyinin daşıyıcısı aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılırlar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alırlar.
Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir.