Ötən il Şəki şəhərinin 6 prospekt və 14 küçəsində əsaslı təmir işləri aparılıb
Şəki, 10 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2025-ci ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına Şəki şəhərinin su və kanalizasiya sistemlərinin tikintisi başa çatmış ümumi uzunluğu 36,1 kilometr olan 6 prospekt və 14 küçəsində asfalt örtüyünün əsaslı təmiri işləri aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni piyada səkiləri inşa edilib, suötürücü arxlar yenidən qurulub. Bundan əlavə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ötən il Şəki şəhərinin mərkəzi ilə axan Dəyirmanarxı və Qurcana çaylarında qəzalı vəziyyətdə olan sahil divarlarının, sutənzimləyici bəndlərin bərpa olunması və çay yatağının təmizlənməsi işləri də davam etdirilib.