Özbək, qazax, qırğız, türkmən bunlar bir soydu...
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində “Türk dünyası şeir axşamı” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə reallaşıb.
Şeir axşamında DGTYB-nin məsləhət şurasının sədri Əkbər Qoşalı çıxış edərək layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ədəbiyyat xadimlərinin dostluq və qardaşlığı xalqlar arasında anlaşmanın, dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir. O, türk gənclərinin birliyinin ədəbiyyatda əks olunduğunu, qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfələrini verdiyini bildirib.
Milli Məclisin deputatı Qənirə Paşayeva türk əsilli bütün ziyalıların türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərmələrinin vacibliyindən danışıb: “Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalı, gənclərimizin ortaq tarixi, keçmişi, mədəniyyəti, folkloru, milli-mədəniyyət abidələrimizi daha yaxşı öyrənməsinə çalışmalıyıq”.
Türk dünyasının müxtəlif bölgələrində türk əsilli insanların ağrılarından, əziyyət çəkdiyi problemlərdən danışan Qənirə Paşayeva vurğulayıb ki, güc birlikdədir və birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə aparmalıyıq. “Azərbaycan bizim olduğu qədər sizin, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması lazımdır və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Buna görə də gənc yazarların, mədəniyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür”, - deyə Qənirə Paşayeva vurğulayıb.
Sonra tədbir bədii hissə ilə davam edib. Müxtəlif türk xalqlarını təmsil edən gənc yazarlar şeirlərini söyləyiblər.