Özbəkistan nümayəndə heyəti üçün Əmək Müqaviləsi və Məşğulluq Alt-Sistemlərinə dair təqdimat olub
Bakı, 23 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Əmək Müqaviləsi Alt-Sisteminə və Məşğulluq Alt-Sistemi strategiyasına dair təqdimat olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təqdimat zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda əmək və sosial təminat sisteminin müasir texnologiyalar üzərində qurulması sahəsində aparılan islahatlar barədə məlumat verib. O, əmək müqavilələrinin elektron qeydiyyat sisteminin əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına imkan yaratdığını bildirib, həmçinin Məşğulluq Alt-Sistemi strategiyasından bəhs edib.
Özbəkistanlı nazir Azərbaycanda əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatları izlədiklərini, əmək müqavilələrinin elektron qeydiyyat sistemi ilə bağlı ölkəmizin təcrübəsini öyrənməyə və Özbəkistanda tətbiq etməyə maraq göstərdiklərini bildirib.
Sonra əmək müqavilələrinin elektron qeydiyyat sistemi və Məşğulluq Alt-Sistemi strategiyası ilə əlaqədar Özbəkistan nümayəndə heyətinə ətraflı məlumatlar verilib. Əmək Müqaviləsi Alt-Sisteminin Özbəkistanda tətbiqi və bu sahədə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.