DÜNYA
ÖZBƏKİSTAN VƏ TÜRKİYƏ HƏRBİ VƏ HƏRBİ-TEXNİKİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın xəbər verdiyi kimi, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi şəxslərdən və iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Daşkəndə gəlmişdir. Dekabrın 19-da Rəcəb Tayyib Ərdoğanla Özbəkistan rəhbərləri arasında danışıqlar olmuş və iki ölkənin hərbi və hərbi-texniki əməkdaşlığı məsələləri müzakirə edilmişdir.
Özbəkistan Prezidenti İslam Kərimov danışıqlardan sonra mətbuat konfransında bildirmişdir ki, Özbəkistanın və Türkiyənin silahlı qüvvələri sıx əlaqə saxlayırlar. Türkiyə Özbəkistana iki milyon dollarlıq hərbi-texniki yardım göstərmişdir. Özbəkistanın Türkiyə silahlı qüvvələrinin zəngin təcrübəsinə, xüsusən terrorizmlə mübarizədə təcrübəsinə ehtiyacı var.
Türkiyə hökuməti başçısının səfəri zamanı Özbəkistanın hərbi təyyarəçilərinin Türkiyənin hərbi təlim mərkəzlərində hazırlıq keçməsi haqqında razılaşma əldə edilmişdir.