Özbəkistanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq qurulub


Budapeşt, 21 may, AZƏRTAC
Budapeştdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında danışıqlar keçirilib.
AZƏRTAC xəbər verir ki, tərəflər genişləndirilmiş strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair bəyannamə imzalayıblar.
Bundan əlavə, hökumətlərarası və idarələrarası, o cümlədən ekstradisiya haqqında müqavilə, iqlim dəyişikliyi sahəsində əməkdaşlıq haqqında saziş, təbii fəlakətlərin idarə olunması, elm və innovasiyalar, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq sahəsində razılaşmalar və s. sənədlər imzalanıb.
Qeyd olunub ki, birgə investisiya layihələrinin hazırkı portfeli 500 milyon dollar təşkil edir. Bu səfər üçün daha 1,5 milyard avro dəyərində layihələr hazırlanıb. Həmçinin tərəflərin işgüzar şurasının fəaliyyətinin bərpası, 2026-cı ilin Özbəkistan və Macarıstan Mədəniyyəti İli elan edilməsi, hava nəqliyyatının inkişafı və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, magistral yolların və logistika mərkəzlərinin tikintisi ilə bağlı layihələr müzakirə edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt