Pakistanlı kinorejissor: Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir
Laçın, 25 avqust, AZƏRTAC
Laçın Beynəlxalq Film Festivalının Azərbaycan ilə Pakistan arasında mədəni və kinematoqrafik əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanıram. Gələcəkdə iki ölkənin yaradıcı heyətləri birgə film layihələri həyata keçirə bilər.
Bunu AZƏRTAC-a açıqlamasında pakistanlı kinorejissor Vəcahət Məlik söyləyib.
Laçın Beynəlxalq Film Festivalının ilk buraxılışında iştirak etməkdən məmnunluq duyduğunu vurğulayan kinorejissor deyib: “Festival çərçivəsində rejissoru olduğum “Minarl” filmi nümayiş olunacaq. Festivaldan sonra Azərbaycan filmlərinə və yerli kinorejissorların yaradıcılığına daha geniş nəzər salmağı planlaşdırıram. Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. Azərbaycan kinorejissorlarını Pakistanın İslamabad şəhərində keçirilən film festivalına dəvət etmək istəyirəm”.
Laçın şəhərinin təbiətindən və insanlarından da söz açan Vəcahət Məlik şəhərin ona İslamabadı xatırlatdığını deyib. “Laçın çox gözəldir. Bura İslamabada bənzəyir. Bizim ölkəmizdə də böyük dağlar var və İslamabad təpəlik ərazidə yerləşir. Buna görə də Laçın mənim üçün çox doğmadır. Buradakı havadan, ağaclardan və təbiətdən zövq alıram. İnsanları da çox mehribandır. Bu, Azərbaycanda ən çox bəyəndiyim xüsusiyyətlərdən biridir”, - deyə pakistanlı kinorejissor əlavə edib.
Müxbir - Fidan Əlizadə