Paleontoloqlar ilk məmələrin daha üç növünü müəyyən ediblər
Bakı, 18 avqust, AZƏRTAC
“Journal of Systematic Palaeontology” nəşrində amerikalı alimlərin qədim məməlilərin üç yeni növünü təsvir edən məqaləsi dərc olunub. Tədqiqata görə, həmin növlər dinozavrların kütləvi məhvindən sonra meydana gəlib.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, Boulder Kolorado Universitetinin Təbiət Tarixi Muzeyindən olan tədqiqatçılar Vayominq ştatında (ABŞ) Böyük Suayırıcı hövzəsində İlk Paleosen dövrünə aid çöküntülərdən 29 qədim dırnaqlının alt çənə sümüklərini və dişlərini tədqiq ediblər.
Filogenetik üsulların köməyilə alimlər növlər arasında anatomik fərqləri ayırıblar, həmçinin bu növlərin öz arasında və Şimali Amerikada Paleosen dövrünə aid qədim dırnaqlıların digər növləri ilə necə əlaqədə olduğunu müəyyənləşdiriblər. Nəticədə alimlər nümunələr arasından qədim məməlilərin indiyədək məlum olmayan üç növünü ayıraraq onlara “Miniconus jeanninae”, “Conacodon hettingeri” və “Beornus honeyi” adlarını veriblər.
Növlərin hamısı plasentalıların “Periptychidae” fəsiləsinə aid olub. Onlardan ən böyüyü olan “Beornus honeyi” (Con Tolkienin “Hobbit və ya oraya və geriyə” povestinin personajı Hobbit Beornun şərəfinə adlandırılıb) müasir ev pişiyi boyda imiş; Təbaşir dövrünün sonunda dinozavrlarla yanaşı yaşamış ilk məməlilərdən əhəmiyyətli dərəcədə böyük olub. Tədqiqatçıların fikrincə, bu, ona dəlalət edir ki, dinozavrlar məhv olandan sonra məməlilərdə təkamül sürətlə başlayıb. Qida və ətraf mühitin digər resurslarına əlçatanlıq məməlilərin inkişafına, anatomiyanın müxtəlifləşməsinə və bədənin böyüməsinə imkan yaradıb.
Yeni növlər digər qədim dırnaqlılardan dişlərin quruluşuna görə fərqlənir. Tədqiqatçılar güman edirlər ki, heyvanlar hər şey yeyirmiş. Buna görə də onlarda həm bitkiləri, həm də digər heyvanları effektiv çeynəmək üçün dişlər yaranıb. Lakin qida rasionunun əsasını bitki təşkil edib.
Araşdırmanın nəticələri bu fikri də təsdiq edir ki, quş olmayan dinozavrların 66 milyon il əvvəl məhv olması yeni növlərin inkişafına və məməlilər erasına start verib.
Əvvəlki tədqiqatlara görə, dinozavrların nəslinin kəsilməsindən sonra bir neçə yüz min il ərzində Şimali Amerikanın qərb hissəsində məməlilərin növ müxtəlifliyi nisbətən az olub. Lakin Böyük Suayırıcı hövzəsində üç yeni növün aşkarlanması sürətli şaxələnmə barədə fikir söyləməyə imkan verir.
Alimlər qeyd edirlər ki, onların tədqiq etdiyi ən qədim dırnaqlılar Böyük Suayırıcı hövzəsində aşkarlanmış 420-dən çox heyvan qalığının az bir hissədir. Yaxın vaxtlarda İlk Paleosen dövrünə aid məməlilərin daha bir neçə yeni növünün təsviri verilə bilər.