“Pandemiya dövründə sosial şəbəkələrdə işin təşkili” mövzusunda videokonfrans keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın rayon və şəhər təşkilatlarının bir qrup əməkdaşları ilə “Pandemiya dövründə sosial şəbəkələrdə işin təşkili” mövzusunda növbəti videokonfrans keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, videokonfransda Mingəçevir şəhər, Xaçmaz, Siyəzən, Füzuli, Kəlbəcər, Laçın, Xocalı, Lənkəran, Biləsuvar, Cəlilabad, Saatlı, Tərtər, Ağcabədi, Bərdə, Kürdəmir, Qobustan, Zərdab, Ucar, Balakən, Oğuz, Qax, Göygöl rayon təşkilatlarının əməkdaşları iştirak ediblər.
Videokonfransda çıxış edən YAP İcra Katibliyinin sektor müdiri Asif İmaməliyev müasir Azərbaycan dövlətinin Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyev irsinə əsaslanan dövlət quruculuğu siyasətinin uğurla davam etdiyini diqqətə çatdırıb. A.İmaməliyev, eyni zamanda, son aylarda pandemiyanın daha geniş vüsət alması və sosial izolyasiya ilə əlaqədar olaraq sosial şəbəkələrdə maarifləndirmə işinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün gənclərin bu sahədə fəallıq göstərməsini vurğulayıb.
Sonda qarşıda dayanan vəzifələr müzakirə edilib, partiyanın rayon və şəhər təşkilatlarının əməkdaşlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.