Parisdə Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir
Paris, 10 may (AZƏRTAC). Azərbaycan səfirliyinin təşəbbüsü ilə Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 19-cu ildönümü ilə bağlı mayın 9-da Fransa Beynəlxlaq Əlaqələr İnstitutunda (İFRİ) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini necə həll etməli: Dağlıq Qarabağın azərbaycanlı icmasının nöqteyi-nəzəri” adı altında müzakirə keçirilmişdir.
İnstitutun əməkdaşı Filipp Moro Defarje tədbiri açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəinki Cənubi Qafqaz bölgəsində, habelə Avropada sabitlik və sülh üçün ciddi təhlükə olduğunu vurğulamış, tədbirin qonağı, Dağlıq Qarabağ azərbaycanlı icmasının üzvü, şuşalı Təbib Hüseynovu iştirakçılara təqdim etmişdir.
Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu xatırladan Təbib Hüseynov çar Rusiyasının azərbaycanlılara qarşı apardığı mənfur siyasəti nəticəində XlX əsrin əvvəllərində İran və Türkiyədən köçürülən ermənilərin əksəriyyətinin ərazilərimizdə, o cümlədən Dağlıq Qarabağda yerləşdirilməsi sayəsində bölgədə erməni əhalisinin azərbaycanlılara nisbətdə çoxluq təşkil etdiyini, Azərbaycan SSR dövründə Dağlıq Qarabağın muxtar vilayət kimi fəaliyyət göstərdiyini diqqətə çəkmiş, vilayətin iqtisadiyyatı, əhalisinin tərkibi, ərazi bölgüsü, sosial inkişafı barədə məlumat vermişdir. Bir qrup erməni millətçi ekstremisti tərəfindən qızışdırılan vilayət ermənilərinin öz müqəddəratlarını təyinetmə və Azərbaycanın tərkibindən çıxma tələbini irəli sürməsinin bölgədə münaqişəyə səbəb olduğunu xatırladan T.Hüseynov bu münaqişənin əslində Ermənistanın “dənizdən dənizə böyük imperiya” yaratmaq siyasətinin tərkib hissəsi olduğunu bildirmiş, bölgədə etnik təmizləmə siyasəti aparan Ermənistanın Dağlıq Qarabağ və ona bitişik 7 Azərbaycan rayonunu işğal etməsindən bəhs etmiş, işğal olunmuş ərazilərdə xalqımıza məxsus tarixi və mədəni abidələrin qəsbkarlar tərəfindən dağıdılmasından danışmışdır.
Vaxtilə Azərbaycanın alınmaz qalalarından biri hesab edilmiş Şuşa şəhərinin ölkəmizin dilbər guşəsi olmaqla yanaşı, həm də mədəniyyət beşiyi olduğunu, bu bölgədən tanınmış xanəndə və müğənnilərin çıxdığını xüsusi vurğulayan T.Hüseynov ermənilərin tarixdə görünməmiş vəhşiliklərə əl ataraq bu şəhərdəki Azərbaycan abidələrini yerlə-yeksan etdiklərini, ona “Şuşi” adı verməklə erməniləşdirməyə səy göstərdiklərini qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Təbib Hüseynov BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, digər beynəlxalq təşkilatların, nəhayət ötən il Avropa Parlamentinin ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini heç bir şərt qoymadan dərhal azad etmələri barədəki qərar və qətnamələrinə, çağırışlarına məhəl qoymadığı barədə məlumat vermiş, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında danışıqlar aparıldığını, Azərbaycanın danışıqlarda konstruktiv mövqe tutduğu halda, erməni tərəfinin bu danışıqları hər vəchlə uzatmağa səy göstərdiklərini diqqətə çatdırmışdır. T.Hüseynov vurğulamışdır ki, digər tərəfdən münaqişənin uzanmasında maraqlı olan xaricdəki güclü erməni lobbisi münaqişənin sülh yolu ilə həllinə hər cür əngəl törətməyə çalışır, Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərir. Məhz lobbinin fəaliyyəti nəticəsində Azərbaycan tərəfinin Dağlıq Qarabağa yüksək status vermək və ermənilərin təhlükəsizliyini təmin etmək barədəki təklifləri qəbul edilməmişdir.
Buna baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə maraqlı olduğunu dəfələrlə nümayiş etdirmiş və bu istiqamətdə həmişə konstruktiv mövqe tutmuşdur.
Sonda Təbib Hüseynov ona ünvanlanmış suallara cavab vermişdir.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, fransız ictimaiyyətinin nümayəndələri, diplomatlar, diasporumuzun təmsilçiləri, jurnalistlər və tələbələr iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris