PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN BÖYÜK BRİTANİYAYA SƏFƏRİ DAVAM EDİR
Martın 11-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Böyük Britaniya xarici işlər nazirinin müavini, deputat Mayk O`Brayanla görüşdü. Diplomat parlamentin spikerini səmimi salamlayaraq Böyük Britaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin bugünkü vəziyyətindən və inkişaf perspektivlərindən söz açdı.
Milli Məclisin sədri Böyük Britaniya-Azərbaycan diplomatik əlaqələrinin qurulması tarixini xatırladaraq qeyd etdi ki, ölkələrimiz arasında iqtisadi, mədəni və parlamentlər səviyyəsində sıx əməkdaşlıq mövcuddur. Spiker bildirdi ki, münasibətlərimizin bugünkü inkişaf mərhələsinə çatması möhtərəm Prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən başlayaraq Prezidentimizin dəfələrlə Böyük Britaniyada olduğunu qeyd edən parlamentin sədri bu səfərlər zamanı mühüm sənədlərin imzalandığını xatırlatdı. Milli Məclisin sədri Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verdi.
Söhbət zamanı Böyük Britaniyanın xarici işlər nazirinin müavini onun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasına inamını bildirdi.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov Elm və Texnologiya Komitəsinin sədri Yan Qipsonla görüşdü. Azərbaycan parlamentinin başçısını səmimi salamlayan Yan Qipson Britaniyada elm və təhsilin inkişaf etdirilməsi sahəsində qəbul olunmuş qanunlardan və komitənin iş prinsipindən danışdı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Milli Məclisin sədri Azərbaycanın təhsil sistemi barədə Elm və Texnologiya Komitəsinin rəhbərinə ətraflı məlumat verdi. Spiker qeyd etdi ki, respublikamız ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, təhsildə də mühüm islahatlar aparılmışdır. Azərbaycan parlamenti elm və təhsilin inkişafı üçün bir sıra qanunvericilik aktları qəbul etmişdir. Hazırda “Təhsil haqqında” yeni qanun Milli Məclisdə müzakirə olunmaq üçün hazırlanır. Parlamentin sədri Ermənistan-Azərbaycan münaqişəsi barədə də Komitə rəhbərinə ətraflı məlumat verdi.
Milli Məclisin deputatı, görkəmli akademik Cəlal Əliyev möhtərəm Prezidentimiz Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda aparılmış islahatlardan, görülmüş işlərdən söz açdı. O, taxılçllığın inkişafından danışaraq qeyd etdi ki, bu gün Azərbaycanda istehsal olunan taxıl ölkənin tələbatını tam ödəyir və respublikamız artıq taxıl ixrac edən dövlətə çevrilmişdir.
Söhbətdə akademik Cəlal Əliyev bildirdi ki, Azərbaycanın rəngarəng coğrafi relyefi vardır və buna görə də genetik ehtiyatlarla çox zəngindir. İki il bundan əvvəl respublika Prezidentinin Sərəncamı ilə Milli Elmlər Akademiyasının nəzdində Azərbaycanın Genetik Ehtiyatları İnstitutu yaradılıb. Həmin institutun vəzifəsi respublikamızın genetik ehtiyatlarını öyrənmək, onları qoruyub saxlamaq və Dünya Gen Bankına verməkdən ibarətdir. Hazırda Azərbaycanın elmi-tədqiqat institutlarında aqrar sahənin daha da inkişaf etdirilməsi üçün tədqiqat işləri davam etdirilir. Bu sahədə bizə Dünya Bankı yaxından kömək göstərir.
Sonra nümayəndə heyətinin Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Hiltonla görüşü oldu. Ötən ilin iyun ayında Azərbaycana etdiyi səfəri xatırlayan Lord Hilton Prezident Heydər Əliyevlə keçirdiyi görüşün, Milli Məclisdə apardığı söhbətlərin və ölkəmizlə tanışlığın xoş təəssürat bağışladığını vurğuladı.
Parlamentin sədri Murtuz Ələsgərov Lord Hiltona Azərbaycandakı ictimai-siyasi vəziyyət və Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verdi. Spiker Lordlar və İcmalar Palatalarının üzvlərini Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağa cağırdı.
Elə həmin gün nümayəndə heyəti Böyük Britaniya Parlamenti Xarici əlaqələr ofisinin katibi Jaki Şarpla görüşdü. Katib nümayəndə heyətimizlə görüşdən məmnunluq duyduğunu bildirərək İcmalar Palatasında prosedur qaydaları barədə danışdı. Xanım Jaki Şarp Britaniya Ali qanunvericilik orqanının Palatalarının quruluşu və funksiyaları, deputatların say tərkibi, parlamentə seçkilər, qanunların hazırlanması prosesi, səsvermə proseduru və digər məsələlər barədə ətraflı məlumat verdi, nümayəndə heyətimizin üzvlərini maraqlandıran sualları cavablandırdı. Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov Azərbaycan Parlamentinin strukturu, iş rejimi və qanun yaradıcılığı haqqında geniş söhbət açdı. Həmin gün nümayəndə heyətinin üzvləri Standartlar üzrə Parlament Komissarı Ser Filip Maurla görüşdülər. Görüş zamanı cənab Maur Britaniya Parlamentində deputatların səlahiyyətləri, etika normaları və nizam-intizam qaydaları barədə ətraflı danışdı.
Azərbaycan parlamentinin sədri Murtuz Ələsgərov Milli Məclisin İntizam Komissiyasının fəaliyyəti və Daxili Nizamnamə haqqında Komissara dolğun məlumat verdi.
Daha sonra nümayəndə heyəti martın 10-da ATƏT-in Parlament Assambleyasının sədri Bryus Corcla keçirilmiş görüşü davam etdirdi. Parlamentin spikeri görüşdə Dağlıq Qarabağ probleminə toxunaraq təəssüflə qeyd etdi ki, ATƏT problemin həlli ilə bilavasitə məşğul olmasına baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiq etməkdən çəkinir.
Fikir mübadiləsi zamanı Bryus Corc bildirdi ki, ATƏT-in Parlament Assambleyasının Qafqaz regionu üzrə məruzəçisi Leni Markerin Azərbaycana gəlməsi və vəziyyəti yerində öyrənərək hesabat hazırlaması məqsədəuyğun olardı. Parlamentin spikeri onun təklifini razılıqla qarşıladı.
Həmin gün axşam nümayəndə heyətimiz Britaniya Parlamenti İcmalar Palatasının spikeri Maykl Martinlə görüşdü. Palatanın sədri Azərbaycanın Ali qanunvericilik orqanının üzvlərini mehribanlıqla qarşıladı. O, parlamentlərimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyindən söz açdı. Səfərin hər iki tərəf üçün çox əhəmiyyətli olmasını xüsusi vurğuladı.
Parlamentin spikeri Murtuz Ələsgərov nümayəndə heyətimizi Böyük Britaniyaya dəvət etdiyinə görə İcmalar Palatasının sədrinə minnətdarlığını bildirdi. O, Böyük Britaniyanın qədim parlament ənənələrinə malik olduğunu qeyd etdi və Azərbaycanın dünya ölkələrinin parlament təcrübəsindən bəhrələndiyini dedi. Sonra Milli Məclisin spikeri Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verdi. Söhbətdə Azərbaycan parlamentinin Avropa standartlarına uyğun qanun yaradıcılığı sahəsində gördüyü işlər də İcmalar Palatasının spikeri Maykl Martinin nəzərinə çatdırıldı.
Bütün tədbirlərdə iştirakçılara Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü və onun nəticələrini əks etdirən kitab və sənədlər təqdim olundu.
Görüşlərdə Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Rəfael İbrahimov iştirak edirdi.
Səfər davam edir.
Ceyhun Quliyev
Milli Məclisin Mətbuat xidməti
şöbəsinin əməkdaşı