PARLAMENTDƏ SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLMİŞDİR
Milli Məclisin martın 11-də keçirilən iclasında Seçki Məcəlləsi layihəsinin müzakirəsi davam etdirilmişdir.
Parlament sədrinin birinci müavini Arif Rəhimzadənin sədrliyi ilə keçirilən müzakirələr zamanı seçki komissiyalarının təşkili, Mərkəzi Seçki Komissiyasında hakimlərin təmsil olunması, seçkilərin şəffaflığı və digər məsələlərə toxunulmuşdur. Müxalifətdən olan deputatlar layihənin müxtəlif fəsillərinə iradlarını bildirmişlər.
Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deputatları maraqlandıran suallara aydınlıq gətirdi. O dedi ki, parlamentdə hansı partiyanın çoxluq və azlıq təşkil edəcəyini qanunla tənzimləmək olmaz (müxalifət parlamentdə azlıq və çoxluq təşkil edən partiyaların göstərilməsini təklif etmişdi). Ona görə ki, hər bir siyasi partiyanın mövqeyi bu və ya digər məsələnin müzakirəsi zamanı daim dəyişdiyi üçün kimin azlıqda və ya çoxluqda qalmasını qanunla tənzimləmək mümkün deyildir.
Mərkəzi Seçki Komissiyasına hakimlərin təyin olunması da Konstitutsiya ilə ziddiyyət təşkil etdiyi üçün yeni varianta görə, hakimlər Milli Məclis tərəfindən təyin edilməyəcək, Ali Məhkəmənin sədri tərəfindən göndəriləcəklər. Həmin hakimlər MSK-da olarkən hakimlik funksiyalarını həyata keçirməyəcəklər, lakin onların iş yerləri və əmək haqları saxlanılacaqdır.
Seçkilərin şəffaf keçirilməsi zamanı hər hansı bir anlaşılmazlıq olmayacaq, bu baradə layihənin 40-cı maddəsində aydın yazılmışdır. Azərbaycan Respublikası üzrə bütün seçki dairə və məntəqələrində müşahidə aparmaq istəyənlər Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidirlər. Dairənin ərazisində müşahidə aparmaq istəyənlər dairə seçki komissiyasında qeydiyyatdan keçməlidirlər. Yeni layihədə əlavə mexanizm də var. Bu mexanizmdə deyilir ki, hər bir namizədin komissiyalara şəxsi müşahidəçisini təyin etmək hüququ var. Prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən namizəd öz müşahidəçilərini müvafiq surətdə təyin edə bilərlər. Bu zaman müşahidəçilərin seçki komissiyalarına fotoşəkil və digər sənədlər təqdim etməsi məcburidir. Bu, hər hansı saxtakarlığın qarşısısının alınması üçün nəzərdə tutulmuşdur.
Layihədə prezident seçkiləri zamanı hər bir seçicinin yalnız 1 namizədə, Milli Məclisə və bələdiyyə seçkilərində isə bir neçə namizədə səs verməsinin nəzərdə tutulmasının da müəyyən əsası var. Belə ki, Milli Məclisə seçkilər zamanı bir partiya bir dairədən bir neçə namizəd irəli sürə bilər və həmin partiyanın üzvlərinin partiya tərəfindən irəli sürülən namizədləri müdafiə etmələrinə imkan yaradılmalıdır. Lakin prezident seçkiləri zamanı siyasi partiyalar, adətən, bir namizəd irəli sürürlər və seçici özü üçün müəyyən etməlidir ki, hansı partiyanın, prezidentliyə namizədin platformasını dəstəkləyir. Seçici prezident seçkiləri zamanı yalnız bir namizədə səs verə bilər.
Bəzi müxalifət deputatlarının yeni Seçki Məcəlləsinə ehtiyac olmaması və heç bir beynəlxalq təşkilatın bu barədə tövsiyə vermədiyi barədə fikirlərinə də münasibət bildirən Ş.Əliyev dedi ki, 2002-ci ildə Milli Məclisə seçkilərin yekunlarına dair ATƏT-in son sənədində Azərbaycan Respublikasına Seçki Məcəlləsinin hazırlanması tövsiyə olunmuşdur. Azərbaycan ATƏT-in üzvü kimi bunu nəzərə alaraq belə bir sənədi hazırlamışdır.
Seçki komissiyalarının paritet əsasında formalaşdırılması təklifi rədd olundu və qeyd edildi ki, bu komissiyalar bir siyasi mənafe üzərində yaradıla bilməz.
Daha sonra A.Rəhimzadə və MSK sədri Məzahir Pənahov bəzi məsələlərə aydınlıq gətirdilər.
Müzakirələr davam edir.