Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 25 sentyabr, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Şuşa şəhərində davam etdirib.
Bu barədə İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılmasıdır.
Növbəti maarifləndirmə tədbiri Şuşa şəhərində 1 saylı tam orta məktəbində keçirilib. İlk olaraq Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər.
Layihə rəhbəri iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, təlimçilər tərəfindən isə ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları barədə və digər zəruri məsələlərə dair ətraflı məlumat verilib. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər verilib.
Partlayıcı sursatların təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Cəbrayıl, Zəngilan, Laçın və Kəlbəcər rayonlarında həyata keçiriləcək.