Paşinyanın uğursuz İran səfərinə “uğur donu” geyindirmək cəhdi
Tehran, 3 aprel AZƏRTAC.
Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri hələ də müzakirə obyekti olaraq qalır. Təbii ki, Ermənistan mətbuatı bu səfərin uğurlu olduğunu göstərməyə çalışır. Lakin N.Paşinyanın görüşləri və bu görüşlərdən səslənən fikirlər səfərin uğursuz olduğunu deməyə əsas verir.
Əvvəla qeyd edək ki, Ermənistan mətbuatı səfər zamanı imzalanan sənədləri olduğu kimi deyil, təhrif olunmuş halda təqdim edib. Məsələn, İran və Ermənistanın polis orqanları arasında imzalanan əməkdaşlıq memorandumu “Regional təhlükəsizlik” haqqında memorandum kimi qələmə verilib. Xarici siyasətdən və diplomatiyadan az-çox anlayışı olan hər kəs bilir ki, polis orqanlarının əməkdaşlığı və regional təhlükəsizlik tamamilə fərqli məsələlərdir. Əlavə şərhə ehtiyac duyulmadığından təkcə onu deməklə kifayətlənirik ki, regional təhlükəsizlik haqqında memorandum sırf siyası xarakter daşıyır. Burada hər iki dövlət arasında siyasi məsləhətləşmələr aparılmaqla yanaşı, silahlı qüvvələrin və digər mühüm dövlət qurumlarının mütəmadi əlaqəsi və birgə addımların atılması nəzərdə tutulur. Digər tərəfdən, memorandum tərəflər üçün məcbur xarakter daşımır, sadəcə, niyyətin olduğunu bildirir. Ola bilsin ki, Ermənistan mətbuatı N.Paşinyanın səfərini “əhəmiyyətli” etmək üçün qəsdən bu cür yanlış təqdimat vermək qərarına gəlib.
Ermənistanda baş verən rəngli inqilabdan sonra rəsmi Yerevanın qərbyönümlü siyasət yürütməsi də İran tərəfini qane edə bilməz. İranın Qərb dövlətləri ilə münasibətləri üzərində çox dayanmağı lazım bilmirik. Sadəcə olaraq, onun ABŞ-la münasibətlərini xatırlatmaq kifayətdir.
Digər maraqlı məqam N.Paşinyanın İranın Ali Lideri Əli Xamneyi ilə görüşündə qeydə alınıb. Ə.Xamneyi bildirib ki, “ABŞ Ermənistan ilə İran arasında əlaqələrinin inkişafına mane olur və regionda korrupsiya həyata keçirir”. Siyasi müşahidəçilər Ə.Xamneyinin sözlərini çox dəqiqliklə təhlil edərək, onun N.Paşinyana nə demək istədiyinin izahını veriblər. İranın Ali Lideri bu fikirləri söyləməklə baş naziri başa salıb ki, “sən ABŞ-ın pulu hesabına rəngli inqilab edərək hakimiyyətə gəlmisən. Ona görə də ABŞ-ın çaldığı musiqinin ritminə uyğun rəqs edəcəksən. İndi isə get və müstəqil siyasət yürütmək imkanına malik olanda gələrsən, onda yaxın əməkdaşlıq edərik”.
Ermənistandan tranzit kimi istifadə edib Gürcüstana qaz xəttinin çəkilişi məsələsinin müzakirəsi də maraqlı bir məqamla yadda qalıb. Prezident Həsən Ruhani ilə görüşündə N.Paşinyan deyib ki, Ermənistan İrandan Gürcüstana qaz çəkilişində tranzit rolunu oynamağa hazırdır. İran prezidenti isə cavabında bildirib ki, bu məsələ İran-Ermənistan-Gürcüstan və Rusiya formatında müzakirə edilib. H.Ruhani Rusiyanın adını çəkməklə açıq şəkildə ona işarə vurub ki, belə layihələr Yerevan ilə deyil, Moskva ilə müzakirə olunur. Səbəb aydındır, çünki Ermənistanın qaz təsərrüfatı bütövlükdə “Qazprom” şirkətinin əlindədir. H.Ruhaninin fikrincə, bu layihə Rusiyanın razılıq verəcəyi təqdirdə reallaşa bilər. Moskvanın razılığı isə Ermənistanın özünü necə aparmasından asılıdır. Regionun böyük dövlətlərinin siyasi maraqlarını nəzərə almayan N.Paşinyanın kor-koranə şəkildə Qərbə doğru istiqamət götürməsi rəsmi Yerevana problemdən başqa hələlik heç nə vəd etmir.
Ermənistanın yeni hakimiyyətinin nəyə görə yaxın qonşularını qoyub uzaq Qərblə əməkdaşlığa can atmasının və bunun nəticəsində xalqı pis vəziyyətə salmasının səbəbinə isə, yuxarıda qeyd etdiyimiz kimi, İranın Ali Lideri Ə. Xamneyi şərq üslubunda aydınlıq gətirib. Qərbin pulu ilə inqilab edib hakimiyyətə gələn şəxs təbii ki, xalqın deyil, sponsorun maraqlarına uyğun hərəkət edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran