Paytaxt məktəblərində müəllimlər üçün maarifləndirici təlimlər davam edir
Bakı, 29 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri üçün “Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar” və “Fəal interaktiv təlimin fəlsəfəsi” mövzusunda təlimlər davam edir.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə reallaşan növbəti təlim paytaxtdakı 7 nömrəli tam orta məktəbdə keçirilib.
İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən təlimdə innovativ və interaktiv tədris metodları, sinif idarəçiliyi, şagirdlərin motivasiyası, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi və təlim prosesində texnologiyaların roluna dair geniş müzakirələr aparılıb.
Təlim zamanı müəllimlərin sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.