Paytaxt sakini dünyasını dəyişən atasından qalan ov tüfəngini könüllü polisə təhvil verib
Bakı, 4 noyabr, AZƏRTAC
Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən paytaxt sakinlərindən biri 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı 1 ədəd təklüləli ov tüfəngini könüllü polisə təhvil verib.
Bundan başqa Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, 1 ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid patronları polisə təhvil verib.
Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.