Paytaxta külli miqdarda narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb VİDEO
Cəlilabad, 25 fevral, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23 yaşlı Simran Mürsəlov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlardan, ümumilikdə, 11 kiloqramdan artıq marixuana və metamfetamin götürülüb.
R.Gülağazadə və S.Mürsəlovun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildikləri və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən olunub.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.