Paytaxtın bir sıra yollarında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). FİA GT seriyalı çempionatın final mərhələsi, “Baku World Challenge 2013” avtomobil yarışının seçmə turunun başlanması ilə əlaqədar Səbail rayonunun ərazisində bəzi yollar tam məhdudlaşdırılmışdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, avtomobil yarışının seçmə turunun başlanılması ilə əlaqədar olaraq artıq birbaşa “Azneft” dairəsindən Bayıl qəsəbəsi və Dövlət Bayrağı Meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmuşdur.
Sürücülərin nəzərinə çatdırılır ki, Ələt istiqamətindən paytaxtın mərkəzi hissəsinə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən, eləcədə 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə daxil olmaq mümkündür.
Paytaxtın mərkəzindən həmin istiqamətə çıxış üçün isə Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, Badamdar yolu, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət etmək tövsiyə olunur.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, bu möhtəşəm tədbirin mahiyyətini nəzərə alaraq, yarış keçiriləcək istiqamətlərdə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.