İQTİSADİYYAT
Paytaxtın şimal girişində 5 kilometrlik hissə yenidən qurulub VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun ilkin mərhələdə 6-11-ci kilometrlik hissəsində- Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək olan hissəsində təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən açıqlama verilib.
Yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 250 min kvadratmetrdən çox ərazini əhatə edib.
Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işlərinin 1-ci mərhələ üzrə qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunmuşdu. Təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərində yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb və yolun bu hissəsi müasir görkəmdə sürücülərin istifadəsinə verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması işlərinin tərtib olunmuş qrafikə uyğun digər mərhələlər üzrə hissə-hissə davam etdirilməsi nəzərdə tutulub.