Pedaqoji Universitetdə şahmat turnirinin açılışı olub
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Şahmatın inkişafı və təbliği” layihəsi çərçivəsində şahmat turnirinin açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan gənclərinin savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq olmalarını arzulayırdı. Eyni zamanda, Ulu Öndər gənclərə Azərbaycanın dövlət müstəqilliyinin qorunması, daha da gücləndirilməsi uğrunda çalışmağı tövsiyə edirdi. ADPU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bugünkü şahmat yarışı da həmin silsilə tədbirlər çərçivəsində təşkil edilib. Belə yarışlar gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət edir. Gənclərimiz yaxşı təhsil almaqla yanaşı, fiziki sağlamlıqlarına da xüsusi diqqət yetirməli, asudə vaxtlarını maraqlı və səmərəli keçirməlidirlər. Onlar həm fiziki, həm də əqli cəhətdən güclü olmalıdırlar.
Tədbirdə layihənin rəhbəri, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytən Daşdəmirov və digər çıxış edənlər Ulu Öndərin elmi-siyasi irsindən, gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.
Qeyd edək ki, 16 ən güclü tələbə arasında keçirilən şahmat turnirində I yer üçün 100 manat pul mükafatı və kubok, II yer üçün 50 manat və medal, III yer üçün 30 manat pul və medal nəzərdə tutulur. Digər iştirakçılara isə təşəkkürnamələr təqdim ediləcək.