Pənah Musayev: Kibersuverenliyin təmin edilməsi milli təhlükəsizlik məsələsi səviyyəsinə yüksəlib

Naxçıvan, 21 may, AZƏRTAC
"Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizdə kibersuverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində bir çox ilkin və xüsusi əhəmiyyətli mühüm qərarların verildiyi məkandır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada ilk dəfə Sovet İttifaqının tərkibindən çıxmaq niyyəti rəsmi şəkildə bəyan edilib, SSRİ-nin saxlanılması ilə bağlı keçirilən qeyri-qanuni referendum açıq formada boykot edilib, Azərbaycanın Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra yenidən dövlət rəmzi kimi qaldırılıb. Bütün bu tarixi faktlar Naxçıvanın suverenliyimiz və milli iradəmiz naminə ön planda olduğunu bir daha təsdiq edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Pənah Musayev Naxçıvanda keçirilən "Kibersuverenlik" konfransında deyib.
Pənah Musayev vurğulayıb ki, texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqamsallaşmağa keçid, eyni zamanda, yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəmə gətirib. Bu səbəbdən kibersuverenliyin təmin edilməsi təkcə Azərbaycanda deyil, inkişaf etmiş bir çox xarici ölkədə də milli təhlükəsizlik məsələsi səviyyəsinə yüksəlib.
“Əminəm ki, bu konfransda aparılacaq müzakirələr kibersuverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşmasına, gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək”, - deyə o əlavə edib.