Penitensiar Xidmətin əməkdaşları "Qarabağın bərpa, yenidənqurma və inkişafı" sərgisində
Bakı, 21 oktyabr, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bir qrup əməkdaşı “Baku Ekspo” Mərkəzində “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisinə baş çəkiblər.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrin şirkətlərinin təmsil olunduğu sərgidə bank və investisiyalar, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastrukturu, nəqliyyat, turizm, mədəni irs, energetika, ekologiya kimi müxtəlif sahələr üzrə xidmət və məhsullar təqdim olunur.
İşğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi baxımından müxtəlif sektorlar üzrə təcrübə və innovativ həll variantlarını bir platformada birləşdirən sərgi maraqla qarşılanır.