PENTAQONUN YENİ BAŞÇISI İRANIN NÜVƏ SİLAHINA MALİK OLMAQ NİYYƏTİNƏ HAQQ QAZANDIRMIŞDIR
“İnterfaks” agentliyinin məlumatına görə, Geyts demişdir ki, “İran nüvə silahını çəkindirmə siyasəti mülahizələri ilə yaradır, çünki belə silaha malik ölkələrin - Pakistan, Rusiya, İsrailin və ABŞ-ın Fars körfəzindəki qüvvələrinin əhatəsindədir”.
Məlumdur ki, İsrail nüvə silahına malik olduğu barədə informasiyanı nə təsdiqləmiş, nə də təkzib etmişdir. Buna baxmayaraq, nüvəçi alim Mordexay Vanunu İsrailin Dimona şəhəri rayonunda nüvə mərkəzi olduğu barədə məlumatı açıqladığına görə 18 il həbsxanada yatmışdır. O, sonralar bildirmişdir ki, artıq 1986-cı ildə İsrailin 200 atom döyüş başlığı vardı.
Yerli təhlilçi Yosi Alper vurğulamışdır ki, qonşu ölkələrin özlərinə qarşı təhlükə hiss etməməsi üçün İsrail “etiraf etməmək” siyasətinə üstünlük vermişdir. Onun fikrincə, İran nüvə silahı yaratsa, İsrail öz siyasətini yenidən nəzərdən keçirəcəkdir.
İstefada olan İsrail generalı Şlomo Brom bildirmişdir ki, İsrail kimlərisə onda nüvə silahının olmadığına inandırmağa daha cəhd göstərməyəcəkdir.
ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatına görə, İran özünün ilk nüvə bombasını 2010-cu ildə yaradacaqdır.