Pərvanə Qasımova: İPO fiziki şəxslər üçün yeni gəlirlər formalaşdıracaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycanın fond bazarı üçün Xalq İPO-ları olduqca əhəmiyyətlidir. Yeni iqtisadi modelləri və hazırkı vəziyyəti qiymətləndirdikdə görə bilərik ki, özəl investisiyalara açılan şirkətlər ölkənin ən sağlam və korporativ idarəetmə standartları ilə idarə edilən dövlət şirkətləridir. Təbii ki, burada Azərbaycan İnvestisiya Holdinqinin xüsusi rolu var.
Bu sözləri AZƏRTAC-a “AzFinance” investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova deyib.
Pərvanə Qasımova fiziki şəxslərin dövlət şirkətlərinin kütləvi təklif olunmasında rolu barədə danışaraq bildirib ki, xalq İPO-sunun əsas məqsədi investor kütləsinin yaradılması, artırılmasıdır. Şirkətlərdə minoritar səhmdarların olması həm də ictimai nəzarətin bir növüdür. Burada təbii ki, həmin investorların hüquqları yüksək formada təmin edilməlidir.
Azərbaycanda bu günə qədər səhm bazarında İPO proseduru çərçivəsində kənardan maliyyə cəlb edən şirkətin olmamasını neqativ hal kimi qiymətləndirən həmsöhbətim qeyd edib ki, dövlət şirkətlərinin kütləvi təklif edilməsi və kənardan maliyyə cəlbi ilə maliyyələşməyə yönləndirilməsi fiziki şəxslərin bu bazarda aktivləşməsinə səbəb ola bilər.
“Bu gün bildiyimiz kimi, dövlət şirkətlərinin özəlləşdirilməsi əsasən hərraclar vasitəsilə həyata keçirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşdirmə üsullarının arasında İPO olmamasına baxmayaraq dövlət şirkətinin səhmlərinin kütləvi təklifi də mümkündür. Məhz xalq İPO-su da bunun üçün çox vacibdir və fiziki şəxslərin bu prosesə cəlb edilməsini də asanlaşdırır. Hesab edirəm ki, məhz fond birjası vasitəsilə dövlət şirkətlərinin hissəvi və ya tam satılması bu prosesin ən şəffaf qaydada həyata keçirilməsinə zəmin yaradacaq. Kütləvi təkliflə səhmləri buraxılacaq dövlət şirkətlərində sonradan korporativ idarəetmə standartlarına riayət edilməsinə kömək edəcək. Prezident İlham Əliyevin dövlət şirkətlərinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı imzaladığı Sərəncam da düşünürəm ki, bu prosesə təkan verəcək. Burada həm də maarifləndirmə tədbirləri çoxaldılmalıdır", - deyə P.Qasımova qeyd edib.
AzFinance-ın direktor müavini bildirib ki, sabit faiz gəlirləri aktivlərdən başqa digər qazanc formalarından da fiziki şəxslər yararlana biləcəklər: "Bu gün fiziki şəxslər vəsaitlərini yalnız bank depoziti istiqraz və mövcud olan səhmlərə yatıra bilirlər. Lakin bu heç də yetərli hesab edilə bilməz. Çünki burada sabit faiz gəlirlərindən söhbət gedir. Dövlət şirkətlərinin İPO-su bazarda digər yatırım alətləri formalaşdıracaq ki, burada da gəlir qazanmaq imkanları çoxalacaq. Fiziki şəxslər alacaqları səhmlərlə aktivliyin artan bazar dəyəri sayəsində gəlir qazanacaq və maraq da daha çox olacaq. Bu isə fond bazarında aktivliyi artıracaq”.