Peşələr Festivalı Şəmkirdə davam edib
Bakı, 3 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu dəfə Şəmkir rayonunda marağa səbəb olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.
Anar Əliyev son dövrdə həyata keçirilən sosial islahatlar barədə məlumat verib, xüsusilə gənclərin əmək bazarına hazırlanması üçün ciddi işlərin görüldüyünü, Peşələr Festivalının da bu istiqamətdə önəmli tədbirlərdən biri olduğunu bildirib.
Daha sonra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət edib, gənclərə öz tövsiyələrini veriblər.
Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.
Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər.
Bundan başqa festival iştirakçılarına agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.
Növbəti festival noyabrın 5-də Salyan rayonunda keçiriləcək.