“Peşənin yaxşısı, pisi olmur”
Mingəçevir, 7 noyabr (AZƏRTAC). Mingəçevir sakini lazımsız şüşə qırıntılarından maraqlı bəzək əşyaları hazırlayır.
AZƏRTAC xəbər verir ki, qeyri-adi bacarığı ilə hamının diqqətini cəlb edən 25 yaşlı Siyavuş Məmmədəliyevin fikrincə, peşənin pisi, yaxşısı yoxdur, bacarıqlı və bacarıqsız insan vardır. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialını tarix ixtisası üzrə bitirən Siyavuş Məmmədəliyev qardaşı ilə birlikdə Mingəçevirin İsmət Qayıbov küçəsi, 1 ünvanında yerləşən qapı-pəncərə sexində işləyir. Qapı-pəncərələrə şüşə salan və artıq 3 ildir ki, bu işlə məşğul olan Siyavuş Məmmədəliyev şüşələrin artıq qalan yararsız hissələrindən isə müxtəlif bəzək əşyaları hazırlayır.
Onun son vaxtlar şüşədən düzəltdiyi “Məscid”, “Güldan”, “Gəmi”, ”Akvarium” və başqa əşyalar görənləri heyran edir. Hətta qənd qabı və kül qabı da onun düzəltdiyi maraqlı şüşə əşyalardan biridir. O, bildirmişdir ki, 8 mart-Beynəlxalq qadınlar günü ərəfəsində müştəriləri daha çox olur. Belə ki, həmin dövrdə onun şüşədən hazırladığı bəzək əşyaları daha çox satılır. “Hazırda Məkkə şəhərindəki müqəddəs Kəbənin maketi üzərində işləyirəm”, - deyən Siyavuş bildirir: Bu işdə həm səbirli, həm də ehtiyatlı olmaq lazımdır. Bir az diqqətsiz olan kimi şüşə əlimi kəsir”. O, məşğul olduğu bu sənəti qardaşına da öyrədir.