İQTİSADİYYAT
PLATFORMALARDA TİKİNTİ İŞLƏRİ GENİŞLƏNİR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ''Xəzərdənizneftqaztikinti'' trestinin podratçı təşkilatlarının, ''Xəzərdənizneftdonanma'' idarəsinin, ''Xəzərdənizneftqazlayihə'' Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun aparıcı mütəxəssisləri Xəzər dənizi akvatoriyasında bu il istismara veriləcək obyektlərdə inşaat işlərinin vəziyyəti və onların təhvil verilmə qrafikini müzakirə etmişlər. Bildirilmişdir ki, oktyabr ayında ''Neft Daşları'' yatağında iki yeni noyabrda isə daha bir yeni platformanın təhvil verilməsi planlaşdırılır. Bundan başqa, ''Günəşli'' yatağındakı 11 nömrəli dərinsulu platformada genişləndirmə işləri aparılacaqdır. Bu platformaya birləşdiriləcək əlavə blok da 6 qaz quyusu qazılacaqdır. Dənizdə həmçinin onlarla kilometr sualtı magistral və mədən neft, qaz, su kəmərlərinin çəkilişi və başqa obyektlərin tikintisi nəzərdə tutulmuşdur.