POLİS AKADEMİYASINDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin akademiyanın həyətindəki heykəlinin önünə əklil qoymuşlar.
Akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində respublikamızın qarşısında duran problemlərin həlli istiqamətində genişmiqyaslı proqramlar hazırlanmışdır. Bu gün həmin proqramlar Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri, tibb elmləri doktoru Araz Əliquliyev, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının rəhbəri Məzahir Əfəndiyev, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Təhqiqatlar İnstitutu direktorunun müavini, hüquq elmləri doktoru Bəhram Zahidov, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi rəisinin müavini, polis polkovniki Habil Əlişanov, Ədliyyə, Təhsil, Səhiyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və digər dövlət orqanlarının nümayəndələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin sosial-iqtisadi, psixoloji, hüquqi, təşkilati və sair istiqamətlərindən danışmışlar.
Elmi-praktiki konfransda narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində dövlət siyasətinin perspektivləri, gənclər arasında narkomaniya problemləri, cəzaçəkmə müəssisələrində narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkili, narkotik vasitələrin məhkəmə ekspertizasının müasir imkanları, respublikada narkomanların müalicəsinin təşkili, bu istiqamətdə çatışmazlıqlar və onların aradan qaldırılması yolları, narkotiklərlə bağlı cinayətlərin istintaqı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qanunvericiliyinin əsasları və onun tətbiqində bəzi problemlər, digər mövzular üzrə çıxışlar olmuşdur.
Konfransda narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrini əks etdirən videofraqmentlər, slaydlar göstərilmiş, mövzuya aid Polis Akademiyasının əməkdaşları tərəfindən yazılmış və nəşr edilmiş ədəbiyyatların sərgisi təşkil olunmuşdur.
######
