CƏMİYYƏT
Polis əməkdaşları qan xəstəliklərindən əziyyət çəkənlərə yardımları davam etdirir
Bakı, 24 iyun, AZƏRTAC
Polis əməkdaşları qan xəstəliklərindən əziyyət çəkənlərə yardımları davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mühafizə İdarəsinin Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları ənənəyə çevrilən “Qan ver, yaşat!” aksiyasına qoşulublar. Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil edilən aksiyada idarənin şəxsi heyəti, o cümlədən mülki mühafizə xidmətinin əməkdaşları fəal iştirak ediblər.
Humanist aksiyada daxili işlər orqanlarının əməkdaşları hər il iştirak edirlər. Təkcə Baş Mühafizə İdarəsinin təşkilatçılığı ilə may ayından başlayan qanvermə aksiyası paytaxtın bir neçə mühafizə idarəsində təşkil edilib. Baş İdarənin 270 əməkdaşı qanvermə aksiyasında iştirak edib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunur.