POLŞA MİLLİ SƏRGİSİNİN AÇILIŞ MƏRASİMİ
Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski mərasim iştirakçılarını salamlayaraq bildirdi ki, sərgi Polşa Təsərrüfat Palatası, Azərbaycanın Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və digər qurumların dəstəyi ilə təşkil olunmuşdur.
Hər iki ölkənin dövlət himnləri səsləndi.
Polşa Senatının sədri Boqdan Boruseviç və Milli Məclisin sədri Oqtay Əsədov qısa nitq söylədilər. Onlar bir-birindən uzaq məsafədə yaşamalarına baxmayaraq, xalqlarımız arasında tarixi əlaqələrin, həmişə xoş, mehriban münasibətlərin olduğunu vurğuladılar. Parlament sədrləri sərginin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında səmərəli vasitə olacağına, anoloji sərginin Varşavada da təşkil ediləcəyinə əminliklərini bildirdilər və iştirakçılara uğurlar arzuladılar.
Polşa Respublikası iqtisadiyyat nazirinin müavini Anjev Kaçmarek ölkəsinin, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev respublikamızın iqtisadi vəziyyəti, imkanları barədə məlumat verdilər. İki ölkə arasında illik ticarət dövriyyəsinin hələlik 60 milyon dollar təşkil etdiyini xatırladan natiqlər, bunun mövcud potensial imkanlardan çox aşağı olduğunu bildirdilər. Eyni zamanda, Polşa Senatı sədrinin ölkəmizə səfərinin və indiki sərginin bu sahədə mühüm rolu olacağına əminliklərini söylədilər.
Polşa Senatının sədri Boqdan Boruseviç və Milli Məclisin sədri Oqtay Əsədov sərginin açılışını bildirən lenti kəsdilər, nümayiş etdirilən müxtəlif çeşidli məhsullara baxdılar.
Tikinti, hərbi-sənaye, ərzaq, meyvə-tərəvəz, informasiya texnologiyaları, mebel, dərman, tibb avadanlığı, məişət əşyaları və digər məhsullar sərgiyə gələnlərdə xüsusi maraq doğururdu. Azərbaycanın müxtəlif nazirlikləri və özəl qurumlarının təmsilçiləri polşalı həmkarları ilə işgüzar söhbət aparır, əməkdaşlıq imkanlarını öyrənirdilər.
Polşalı biznesmenlər də Azərbaycandakı mövcud istehsal sahələri ilə bağlı özlərini maraqlandıran suallara cavab alırdılar.
Sonra mətbuat konfransı oldu.