Polşada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Polşadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Həsən Həsənov ümummilli lider Heydər Əliyevlə şəxsi ünsiyyətdən qaynaqlanan təəssüratını bölüşərək, xalqımızın dahi oğlunun şərəfli həyat yolundan və zəngin fəaliyyətindən danışıb.
İyirminci əsrin 60-cı illərində Azərbaycanın sovet respublikaları arasında iqtisadi nöqteyi-nəzərdən axırıncı yerlərdən birində olduğunu bildirən Həsən Həsənov 1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər seçildikdən sonra qısa müddət ərzində iqtisadiyyatın əsas sahələrinin inkişaf etdiyini və Azərbaycanın sovet məkanında aparıcı respublikaya çevrildiyini bildirib.
20 Yanvar faciəsinə də toxunan səfir qeyd edib ki, qanlı hadisələr zamanı Heydər Əliyev haqq səsini ucaldaraq Azərbaycan xalqının yanında olduğunu dünyaya göstərdi. Ağır böhranlı bir vəziyyətin hökm sürdüyü və vətəndaş qarşıdurmasının qaçılmaz olduğu bir şəraitdə Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri kimi xalqın dəvəti ilə yenidən hakimiyyətə gələrək, ölkədə demokratik təsisatlara əsaslanan siyasi sabitlik yaratdı. Heydər Əliyevin müasir müstəqil Azərbaycan Respublikasının banisi olduğunu deyən Həsən Həsənov Prezident İlham Əliyevin dahi rəhbərin siyasi kursunu uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Daha sonra Həsən Həsənov qonaqların suallarını cavablandırıb.
Tədbirdə iştirak edən polyak ziyalılar Heydər Əliyev haqqında öz fikirlərini bildiriblər.
Sonda Heydər Əliyev haqqında videoçarx göstərilib, iştirakçılara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.