POLŞANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Milli Məclisin deputatlarının, nazirlərin, siyasi partiya, qeyri-hökumət təşkilatları təmsilçilərinin, xarici ölkələrin Bakıdakı səfirlərinin, elm, ədəbiyyat, incəsənət xadimlərinin iştirak etdiyi rəsmi qəbulda Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Səfir Kşiştof Krayevski iştirakçıları salamladıqdan sonra Senatın sədri Boqdan Boruseviç çıxış etdi. O, tarixə qısa ekskurs edərək, vaxtilə Azərbaycanda xeyli sayda polyakların yaşadığını, Polşa müstəqillik qazandıqdan sonra onların bir çoxunun tarixi vətənə qayıtdıqlarını, müəyyən hissəsinin isə dost ölkədə qaldığını xatırlatdı.
Azərbaycanın müstəqilliyinin, ölkədə baş verən dəyişikliklərin Polşada məmnunluqla qarşılandığını bildirən səfir bu dəyişikliklərin dünyanın maraqlarına uyğun olduğunu, ölkəsinin Azərbaycanı dəstəklədiyini vurğuladı. O, çıxışını “Biz Azərbaycanla əməkdaşlıqda maraqlıyıq və əməkdaşlıq edəcəyik” sözləri ilə bitirdi.
Milli Məclisin sədri Oqtay Əsədov əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün polyak xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etdi, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırdı. Parlamentin sədri Polşa və Azərbaycan xalqlarının əlaqələrinin qədim tarixini xatırlatdı, indi müstəqil dövlətlərimiz arasında münasibətlərin genişləndiyini bildirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açaraq, əmin olduğunu bildirdi ki, Polşa münaqişənin ədalətli həllində səylərini əsirgəməyəcəkdir.