Portuqaliya gimnastları Bakıda keçirilən dünya çempionatında daha bir qızıl medal qazanıblar
Bakı, 12 mart, AZƏRTAC
Portuqaliya gimnastları Bakıda keçirilən akrobatika üzrə 28-ci dünya çempionatında daha bir qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qadın cütlüklərin balans hərəkət üzrə final yarışında Portuqaliya təmsilçiləri 28,850 xalla birinci olublar.
ABŞ-ı təmsil edən cütlük 27,350 xalla gümüş, Qazaxıstan təmsilçiləri isə 27,050 xalla bürünc medalı boyunlarından asıblar.
Portuqaliyalı cütlük qarışıq hərəkətdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.