Prezident İlham Əliyevin aldığı yüksək mükafat Azərbaycanın qlobal miqyasda mövqelərini möhkəmləndirdiyini göstərir- Ekspert
Bakı, 5 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfəri və yüksək dövlət mükafatına layiq görülməsi ölkəmizin son illərdə həyata keçirdiyi məqsədyönlü və çoxvektorlu xarici siyasətin məntiqi davamı və uğuru kimi qiymətləndirilməlidir. Bu hadisə təkcə ikitərəfli münasibətlərin dərinliyini deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlılığının artdığını açıq şəkildə nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin başçısının qlobal miqyasda praqmatik lider, regional sabitliyin tərəfdarı və beynəlxalq əməkdaşlığa açıq siyasi fiqur kimi qəbul olunduğunu göstərir. Enerji təhlükəsizliyi, bərpaolunan enerji, nəqliyyat-logistika dəhlizləri, investisiya və humanitar sahələrdə genişlənən əməkdaşlıq iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir.
Bu səfərin beynəlxalq siyasi əhəmiyyəti baxımdan mühüm cəhətlərindən biri də Prezident İlham Əliyevin regional sülh və təhlükəsizlik məsələlərinə dair mövqeyinin ardıcıl şəkildə dəstəklənməsidir.
"Məlum olduğu kimi, Azərbaycan postmünaqişə dövründə Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın bərqərar olunması üçün konkret təşəbbüslərlə çıxış edir. Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi, dövlətlərin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanınması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması rəsmi Bakının əsas prioritetləri sırasındadır.
Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi bu mövqe artıq qlobal ictimaiyyət tərəfindən real və konstruktiv sülh gündəliyi kimi qəbul olunur. Məhz bu səbəbdəndir ki, Azərbaycanın təşəbbüsləri təkcə region dövlətləri deyil, Yaxın Şərq və digər strateji bölgələrin aparıcı ölkələri tərəfindən də müsbət qarşılanır. BƏƏ ilə yüksəksəviyyəli siyasi dialoq da Azərbaycanın sülhə yönəlik siyasətinə beynəlxalq etimadın bariz nümunəsidir", - deyə M.Məmmədli vurğulayıb.
Ekspert əlavə edib ki, dövlətimizin başçısının BƏƏ-yə səfəri və aldığı yüksək mükafat Azərbaycanın yalnız ikitərəfli münasibətlərdə deyil, həm də regional və qlobal miqyasda mövqelərini möhkəmləndirdiyini göstərir. Bu hadisə Prezident İlham Əliyevin uzaqgörən liderliyinin, milli maraqlara əsaslanan xarici siyasət kursunun və Azərbaycan-Ermənistan sülh prosesində Azərbaycanın aparıcı rolunun beynəlxalq səviyyədə tanınmasının növbəti təsdiqidir.