Prezident İlham Əliyevin İtaliya səfəri və qədim tarixi irsin müasir geosiyasətə proyeksiyası
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il sentyabrın 1-2-də İtaliya Respublikasına işgüzar səfəri bu ölkənin siyasi, iqtisadi və intellektual elitası ilə görüşləri vacib əhəmiyyətə malikdir. Həmçinin dövlət başçılarının qarşılıqlı açıqlamaları, səslənən bəyanatların, imzalanan sənədlərin tarixi əhəmiyyəti, əhatə və miqyası dünya ölkələrinin ekspert cəmiyyətlərinin diqqət mərkəzindədir.
Məlumdur ki, dövlət başçılarının qarşılıqlı səfərləri beynəlxalq münasibətlərdə, xarici siyasətdə iqtisadi, siyasi, diplomatik, humanitar-elmi və mədəni əlaqələrin əhatə dairəsini genişləndirən və möhkəmləndirən, daha yüksək səviyyəyə qaldıran həlledici faktordur.
Müstəqil Azərbaycanın xarici siyasət fəaliyyətinin prioritet istiqamətləri arasında Avropa vektoru, eləcə də iki ölkə arasında qarşılıqlı münasibətlərin müsbət tendensiyaları Prezident İlham Əliyevin müasir inteqrasiya proseslərinin təşəbbüskarı və lideri olduğu dövrdə sürətlə inkişaf edib.
Səfəri əlamətdar edən çoxsaylı məqamlar var. Əvvəlcə qarşılıqlı münasibətlərdə rəqəmlərin simvolikası İtaliyaya sayca 7-ci səfər bu dəfə dövlətimizin başçısının Prezident Sercio Mattarellanın rəsmi dəvəti əsasında - iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutması qeyd edilməlidir. 30 illik tarixi əməkdaşlıq yolunun salnaməsinə, son üç onillikdə ikitərəfli inteqrasiya prosesinin xronikasına nəzər salsaq görərik ki, Azərbaycan və İtaliya arasındakı qarşılıqlı dövlətlərarası münasibətlər təməl əsasların formalaşdırıldığı mərhələdən bugünkü real strateji tərəfdaşlıq fazasına qədər tarixi bir yol qət ediblər. İkitərəfli diplomatik əlaqələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xətlə inkişaf edib.1997-ci ilin martında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda səfirlik açıb. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilib.
Cari ilin may ayında İtaliya parlamentində yüksək səviyyədə keçirilən 30 illik yubileyin qeyd edilməsi mərasimində istər italiyalı deputatların və dövlət adamlarının nitqləri, istərsə də tanınmış simaların çıxışları bu ölkədə Azərbaycana qarşı böyük rəğbətin olmasını göstərdi. 1992-ci il may ayının 8-də qurulmuş hər iki ölkənin müvafiq strukturları arasında imzalanan onlarla sənədlər qarşılıqlı faydalı münasibətlərin geniş siyasi-hüquqi bazasını yaradıb. Bu gün Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bütün spektrinə: siyasi, ticarət-iqtisadi, logistik-nəqliyyat-tranzit, informasiya-kommunikasiya, elmi-texniki və mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr və qəbul edilən rəsmi sənədlərlə onun yeni keyfiyyət mərhələsinə keçid alması ilə bağlı qənaətlər demək olar ki, yekdillik təşkil edir.
Yenicə başa çatmış səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Mario Draqi ilə geniş tərkibdə görüşlərdə ikitərəfli gündəliyin aktual məsələlərinə, enerji geosiyasətinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparılıb, sənədlər imzalanıb.
Əsas məqsəd də məhz 2020-ci ilin fevralında ölkələrimiz arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin icrası prosesində bir sıra sahələrdə aktual məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi, növbəti addımların müəyyən edilməsi olub.
Prezident İlham Əliyevin xarici siyasətinə Avropa vektoru prizmasından nəzər salınması, son səfərlərin uğurlu nəticələri dövlətimizin başçısının bu açıqlamasında əksini tapdı: “Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili Siyasətin Təhlili Departamentinin müdiri professor Tahirə Allahyarovanın “Prezident İlham Əliyevin İtaliya səfəri və qədim tarixi irsin müasir geosiyasətə proyeksiyası” sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.
İtaliya-Roma: Qərb sivilizasiyasının beşiyi, müasir Avropanın geosiyasi mərkəzi
Roma tam 29 əsr Avropanın tarixi-siyasi paytaxtı, Qərb sivilizasiyasının beşiyi, dünya mədəniyyətinin mərkəzi, müqəddəs imperiya, əbədi şəhər adlanıb. Sonradan yaranan bütün Avropa dövlətləri mənbəyini buradan götürüb. Romadan Varşavaya, Fərat çayına, Fars hövzəsinə qədər istənilən siyasi qərarlar “Yeddi təpə” üzərindəki qərar tutan şəhərdə qəbul edilib. Roma bütün çayların axdığı okean olub, imperiyanın süqutundan sonra tarix və bəşər yaddaşında məhz bu cür də qalıb. İtaliya-Roma: dünyada hərbi güc fenomeninin, bəşər tarixində yaradılan ilk effektiv ordunun, müasir dövrdə belə müraciət edilən qanun və hüququn vətənidir. Əlbəttə, sənət və fövqəladə unikallığa malik arxitektura məbədi, mütəfəkkir şəxslərin və incəsənətin məbədidir. İmperiya süqut etsə belə, Roma dünya paytaxtı olaraq qalmaqda sivilizasiyanın mədəni genotipində əzəmətli “Roma kultu” yaşamaqda davam edir. Həm də ona görə ki, qədim romalıların varisləri olan italyanlar orta əsrlərdə yenidən dünyanı heyrətə gətirib, intibah-renessans və dirçəliş, humanizm və insan möcüzəsini kəşf edib.
“Bütün yollar Romaya aparır” deyiminin geosiyasi mənası çox dərindir. Romalılar getdikləri hər yerdə heyrətamiz yollar şəbəkəsi qururdu və müxtəlif şəhərlərdən gələn yollar yenidən Romaya qayıdırdı. Bu günə qədər gəlib çatan siyasi fəlsəfə “eyni məqsədə çatmaq üçün müxtəlif, fərqli yolların olması” kimidir.
Roma imperatoru Qay Yuli Sezar vaxtilə şəhərin mərkəzində “Milliarium Aureum” - Qızıl Yolayrıcı abidəsini ucaldıb. Qızıl Yolayrıcı Romadan çıxan bütün yolların başlanğıcı hesab olunurdu və imperiyadan dünyaya uzanan yollar buradan ölçülürdü. Şəhərdən keçən yolların dərin hərbi-siyasi mənası var idi. Məsələn, lazım olarsa, ordunu çevik və ən qısa yolla dislokasiya etmək mümkün idi. Bu mükəmməl yol şəbəkəsi yalnız coğrafi deyil, həm də geosiyasi və mədəni şüur faktına çevrilərək dünyada hər şeyə qadir olan bir “dünyanın paytaxtının” mədəni-tarixi stereotipini formalaşdırıb. O mənada ki, imperiyasının dağılmasından sonra qlobal güc və hegemon olmaq istəyən dövlətlər Romanın varisi: “ikinci, üçüncü Roma” olmaq iddiasından bu gün də əl çəkmir.
Qədim dünya paytaxtında müasir yol seçiminin varisliyi
Yaşanılan qlobal böhran, geosiyasi “apokalipsis” və bəşəriyyətin üzləşdiyi yeni reallıq bütün Avropa ölkələri qarşısında yeni seçimlər dilemması ortaya çıxarıb. Son onilliklərdə örnək xarici siyasət modelləri hesab edilən qabaqcıl ölkələr görünməmiş böhran sınağına tuş gəlib. Rusiya-Ukrayna müharibəsi, enerji, ərzaq böhranı, qlobal təchizat zəncirlərində uçurum yaradan qopmalar, beynəlxalq münasibətlərdə getdikcə artan parçalanma, 2022-ci ilin fevralına qədərki geosiyasi arxitekturanın alt-üst olması və s. - hazırda yaşanılan çoxşaxəli böhranın yalnız bir neçə istiqamətidir.
Ənənəvi olaraq İtaliyanın xarici siyasəti üç təməl sütun üzərində qərar tutub: avropaçılıq, “yeni atlantizm” və “Aralıq dənizçilik”. Bununla yanaşı, son onillikdə Roma strateji geosiyasi tendensiyalara uyğun olaraq çoxşaxəli diplomatiya modelinə, qədim geosiyasətin əsas modeli olan sonuncu sütuna üstünlük verir. Bu tendensiyaları isə hazırda dünyada baş verən kaskad effektli böhran prosesləri müəyyən edir.
Avropanın mərkəzinin müharibə episentrinə çevrilməsi, genişmiqyaslı fəlakətli hərbi əməliyyatların baş verməsi və onun törətdiyi bəşəri faciələr qlobal iqtisadi və siyasi nizamı dağıtmaqda dünya tarixinin ən qaranlıq dövrlərini xatırlatmaqdadır. Müharibə ümumilikdə mövcud dünya nizamının qüsurlarını, qabaqcıl ölkələrin münaqişələrin həlli yönündə xarici siyasətin potensial qeyri-sabitliyini qabarıq şəkildə üzə çıxardı.
Son beş ildə pandemiya, Ukraynadakı müharibə, ərzaq təhlükəsizliyinə təhdidlər, dünyada yoxsulluğun yeni vüsətlə tüğyan etməsi, qlobal istiləşmənin fəsadları konkret ölkələrin də dövlət siyasətinə, siyasi lider şəxsiyyətinə diqqəti olduqca artırıb. Xarici siyasətin strateji prinsipləri, hədəfləri, subyektlərinin kəskin dəyişikliyə uğraması fonunda xaotik vəziyyətlərdən, struktur təhlükələrin -geosiyasi, iqtisadi və ekzistensial təhdidlərin kombinasiyasını qura bilən strateji liderlik amili, nəzərlər uğurlu xarici siyasət modellərinə yönəldib. Belə vəziyyətlərdən çıxa bilən ölkələr sırasında: ardıcıl hərbi-siyasi, iqtisadi, geosiyasi uğurlara imza atan yeganə ölkə Azərbaycan ilk yerdə qərarlaşıb.
Böhranı imkanlara çevirmək strateji liderliyin əsas meyarıdır
“Yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Azərbaycan Avropanın enerji xəritəsini dəyişməyə nail olub”, - Prezident İlham Əliyev.
Yeni enerji imperativi, materiklərarası yeni logistik marşrutların seçimi qlobal böhrana ən adekvat cavabdır. Yaşanılan çoxşaxəli böhranın kaskad şəkilli nadir qovuşması hələ uzun müddət dünya ölkələrinin həyatına təsir göstərəcək. Sülhün və ərazi bütövlüyünün qorunmasını təmin etmək yönündə mövcud olan beynəlxalq qaydalar və normalar sistemi milli dövlətlərə qeyri-həssas yanaşma, başqa ölkələrə torpaq iddiaları hadisələrin hazırkı fəlakətli inkişafına təkan verib.
Belə vəziyyətdə həm daxili, həm də xarici siyasətdə, regional və qlobal miqyasda qarşılıqlı xoşməramlı diplomatiya modellərini - Azərbaycan örnəyini gündəmə gətirib. Məhz buna görə təsadüfi deyil ki, Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşı olan İtaliya ölkədə yaşanan daxili siyasi böhrana baxmayaraq, Prezident İlham Əliyevi işgüzar səfərə dəvət etməsi ölkəmizlə tərəfdaşlıq münasibətlərinin öz xarici siyasətində prioritet milli maraq təşkil etdiyini aşkar nümayiş etdirdi.
Dünya siyasətçiləri və alimlərini ən çox maraqlandıran mövzulardan biri: nə üçün bəzi ölkələr inkişaf edir, digərləri isə yox, siyasi və iqtisadi uğurun “sirli resepti” nədədir? - kimidir. Cavablar isə birmənalıdır: böhran dövrünü - imkanlara və inkişafa çevirə bilən siyasi lider şəxsiyyətinin olması. Bu liderlərin “Böyük strategiya”(Grand Strategy) adlanan təfəkkürlə prosesləri önləyə bilən qərarlar verməsi və xalqın etimadına arxalanması - uğurların başlıca formuludur. “Böyük strategiya” dövlətin milli maraqlarını təmin etmək üçün mövcud olan bütün imkanlar spektrini: siyasi, hərbi, diplomatik və iqtisadi alətlərdən istifadə etmək qüdrətini ifadə edir. Bu strategiya liderlərin hədəflərini, məqsəd və vasitələrlə uzlaşdırmaq məharətidir.
Prezident İlham Əliyevin İtaliyada “Böyük enerji strategiyasının mərhələləri” ilə bağlı çıxışları Azərbaycanın qlobal logistik marşrutlar, uzaq hədəflərə hesablanmış dəhlizlər və materiklərarası marşrutlarla bağlı siyasətinin hazırkı məqamda nə qədər uğurlu olmasını ortaya qoydu. Məhz bu siyasət formalaşan yeni dünya düzənində Azərbaycan amilini, geosiyasi sanbalını qabarıq şəkildə nümayiş etdirir. Sitat: “Bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb. İlkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış yeni - çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb. Göründüyü kimi, “Böyük enerji strategiyası”, İtaliya-Azərbaycan münasibətlərinin iqtisadi-ticarət istiqamətinin strateji dayanıqlılığına nail olmağın əsas vasitəsi kimi çıxış edir.
Beləliklə, Avropa-İtaliya: dünyanın enerji arteriyaları, logistik karkası, bu cəmiyyətin və xalqların sabit və dinc inkişafının yol xəritəsi qismində resurslar siyasətini heç bir zaman geosiyasi təzyiq vasitəsinə çevirməyən Azərbaycan dövlətini seçir. Azərbaycanın yeni dünya nizamında həlledici rolunu etiraf və qəbul edir. İtaliyanın qədim Aralıq dənizi sivilizasiyasının mərkəzi kimi, enerji vektorunun şaxələndirilməsini, qlobal və regional və lokal marşrutlarının sintezini əsrin meqalayihəsinə çevirir.
Azərbaycan və İtaliya arasında humanitar, elmi-mədəni əməkdaşlıq
Avropa dövlətlər birliyinin arxitektor ölkəsi olan İtaliya dünya elm və mədəniyyətinin, intibah və sənətkarlığın, incəsənətin məbədi kimi tanınır.
Azərbaycan liderinin xarici siyasəti olduqca geniş əhatəli olub, bir qayda olaraq, bütün vasitələrdən ölkəmizin mənafeyi naminə maksimum istifadə etməyi hədəfləyən fəaliyyəti ilə diplomatiya elmindən məlum olan çoxsaylı istiqamətlərdə inkişaf edir. Buraya qlobal forumlarda iştirak, beynəlxalq əməkdaşlıq və dialoqların təşəbbüskarı qismində, dövlətimizin cəlbedici mədəni irsinin dünyada tanınması yönündə, dünya liderləri ilə görüş və münasibətlərində, qlobal tədbirlərə ev sahibliyi ilə yanaşı, həmçinin "akademik diplomatiya" - xarici ölkələrin nüfuzlu elm-təhsil və beyin mərkəzlərində çıxışlarla zəngindir.
Dövlətimizin başçısının fəaliyyətində dünyanın elm paytaxtlarında məşhur siyasətçilərin, diplomatların, mətbuat nümayəndələrinin Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzv olduqları Kral Beynəlxalq Münasibətlər İnstitutunda, yaxud “Böyük iyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının Sammitində, Münhen Təhlükəsizlik Konfransında və s. daimi olaraq məruzə edən, dünyanı təhdid edən qlobal problemlərin həlli yolunu və Azərbaycanın inkişaf modelinin örnəklərini əks etdirən konseptual çıxışları intellektual lider kimi mötəbər elmi auditoriyalara ünvanlanan “akademik diplomatiya” adlanan miqyaslı fəaliyyəti yaxşı məlumdur.
Son bir neçə il ərzində Azərbaycan və İtaliya arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib, elmi-akademik çevrələri, ali təhsil ocaqları arasında mübadilələr intensivliyi ilə seçilib. İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Prezident S.Mattarellanın Azərbaycana 2018-ci ildə dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb. Azərbaycan və İtaliyanın universitetləri arasında fəal şəkildə tələbə və akademik mübadilələri ehtiva edən proqramlar icra olunur. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilib. 2022-ci il aprelin 2-də ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri
İşgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi məruzə ilə çıxış edib. Beyin mərkəzinin “Avropaya və İtaliyaya baxış”, “Bu gün və sabah üçün rəqabətədavamlı strategiyaların ssenariləri” adlanan nüfuzlu Foruma dövlət başçımız ilk dəfə dəvət edilib. Forumun özəlliyi - burada çıxış üçün dünyada uğurlu siyasəti ilə ən tanınmış, siyasi lider şəxsiyyətlərin dəvət edilməsidir. Son forumların natiqləri arasında Kofi Annan, Co Bayden, Riçard Çeyni, Jozef Barrozu, Rəcəb Tayyib Ərdoğan, Bill Qeyts, Henri Kissincer, Vatslav Klaus, Kristin Laqard, Con Makkeyn, Giorgio Napolitano, Şimon Peres, Hillari Klinton, Erik Şmidt, Helmut Şmidt, Corc Şultz, Cozef Stiqlits və digərləri olub.
Sayca 48-ci olan budəfəki forumun əsas plenar iclasında dövlətimizin başçısı “Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu” mövzusunda çıxış edib. Çıxışında Azərbaycanın uzun illərdir İtaliyaya ən böyük neft tədarükçüsü olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın ixrac boru kəmərlərinə ehtiyacı var: “Biz Aralıq dənizi limanında yerləşən Türkiyəyə strateji neft kəmərləri çəkmişik. Gürcüstandakı Qara dəniz limanı. Biz dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişməyə nail olduq. Azərbaycan on ildən artıqdır ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısıdır. Bu il qazın həcmini daha da artırmağı və təxminən 10 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Azərbaycanın təbii qazı üç Avropa ölkəsinə çatdırılır. Ötən dövr ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac edilib ki, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşüb”.
Səfər çərçivəsində Azərbaycanın daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işinin genişləndirilməsi məqsədilə ölkəmizin İtaliya Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı qərar da qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibə də verib. Müsahibədə Azərbaycanın xarici siyasətinin strateji perspektivləri ilə bağlı məsələlər yer alıb. Dövlətimizin başçısı uğurlu siyasətimizin region və dünya ölkələri ilə qarşılıqlı faydaya əsaslandığını, hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyinə malik olduğumuzu, heç vaxt vədimizi pozmadığımızı vurğulayıb. Sitat: “Biz nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur”.
Müsahibənin əhəmiyyətli hissəsi azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma proseslərində İtaliya şirkətlərinin iştirakı ilə bağlı olub. Prezident İlham Əliyev İtaliya şirkətlərinin işğaldan azad olunan ərazilərdə fəallığını, gördüyü işlərin miqyasına görə Türkiyədən sonra ikinci yerdə olmasına diqqəti cəlb edib: “Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. İkinci yerdə isə İtaliya şirkətləridir. Bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib”.
Zəfər gətirən daxili və xarici siyasət
Prezident İlham Əliyevin müstəsna səlahiyyəti və rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin ən başlıca atributlarından olan suveren xarici siyasətimiz İtaliya səfəri nümunəsində qlobal böhran və çağırışlara həm qabaqlayıcı, həm də zamanında cavabı verib. Bütövlükdə ölkənin xarici siyasi, iqtisadi, enerji təhlükəsizliyi, elmi-mədəni, humanitar və s. istiqamətlərinin təməl strateji əsasları, eləcə də davamlı uğurları təmin edən perspektivləri müəyyən edilib.
Bütün yollar sivilizasiyanın beşiyi, müasir Avropada geosiyasi nizamın episentri olan Romadan materiklərarası qlobal kommunikasiya marşrutları Azərbaycana aparır.