Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Görməyə dəyər” sosial layihəsi çərçivəsində növbəti tibbi müayinə “Referans Medical Group”un tərəfdaşlığı ilə “Abşeron” sağlamlıq və istirahət mərkəzində təşkil olunub.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, həmkarlar ittifaqlarının mərkəzdə istirahət edən və müalicə kursu keçən 67 üzvünün həkim-oftalmoloq tərəfindən ödənişsiz göz müayinəsi aparılıb.
Müayinə zamanı görmə qabiliyyətində problem aşkarlanan şəxslərə həkimlər tərəfindən zəruri tibbi məsləhətlər verilib və müvafiq müalicə kursları təyin olunub.
Qeyd edək ki, vətəndaşların sağlamlığının qorunmasına və xəstəliklərin erkən aşkarlanmasına xidmət göstərən “Görməyə dəyər” sosial layihəsi çərçivəsində keçirilən tibbi müayinələr indiyədək 370-ə yaxın şəxsi əhatə edib.