Mahmud Qurbanov: “Qarabağ” çətin oyunların reseptini yaxşı bilir
Bakı, 20 avqust, AZƏRTAC
“Qarabağ” üçün çətin oyun olacaq. Çünki “Tvente” öz meydanında, azarkeşləri qarşısında yaxşı çıxış edən, hücum futbolu oynamağı bacaran komandadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” və “Qarabağ” komandaları arasında bu gün keçiriləcək ilk oyunla bağlı danışarkən deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, hər iki komandanın heyətində ciddi dəyişikliklər baş verib: “Düzdür, “Qarabağ” daha əvvəl “Tvente” ilə qarşılaşıb. Lakin həmin oyunlardan sonra hər iki komandanın heyətində çoxlu dəyişikliklər olub. Ağdam klubu bu mövsüm xeyli yenilənib, bir çox aparıcı futbolçu komandanı tərk edib. Son olaraq Abdullah Zubirin də ayrılması, düşünürəm ki, səfər qarşılaşmasında “Qarabağ”a təsir edə bilər”.
Mütəxəssisin sözlərinə görə, “Tvente” güclü və hücum futboluna üstünlük verən komandadır: “Niderland doğma meydanda yaxşı oyun nümayiş etdirir. Səviyyəli komandadır, futbol oynamağı və hücum etməyi bacarır. Amma “Qarabağ”ın da üstün tərəfləri var. Komandanın heyətinə yeni futbolçular cəlb edilsə də, kifayət qədər təcrübəli olanlar da var”.
Mahmud Qurbanov “Qarabağ”ın təcrübəli futbolçularının belə qarşılaşmalarda mühüm rol oynaya biləcəyini vurğulayıb: “Marko Yankoviçi, Kadi Borgesi qeyd etmək olar. Onlar çətin oyunlardan çıxmış futbolçulardır və neçə illərdir “Qarabağ”ın formasını geyinirlər. Bununla yanaşı, bəzi oyunçuların zədə səbəbindən meydana çıxa bilməməsi də komandanın oyununa təsir göstərə bilər”.
O, “Qarabağ”ın mərhələni keçmək şanslarının az olmadığını bildirib: “Ümid edək ki, “Qarabağ” bu mərhələni keçəcək. Çətin olsa da, şans var. Çünki “Qarabağ” əvvəlki illərdə çox ağır oyunlardan uğurla çıxıb. Komanda belə çətin qarşılaşmaların reseptini yaxşı bilir”.
Qeyd edək ki, bu gün Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü avqustun 27-də Bakıda olacaq.
Müxbir – Cavid Əliyev