Kiyevdə raket zərbələri nəticəsində ölənlər və xəsarət alanların sayı artıb - YENİLƏNİB 2
Kiyev, 20 avqust, AZƏRTAC
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Kiyevə endirilən raket zərbələrindən sonra həlak olanların sayı 5 nəfərə çatıb, 23 nəfər isə xəsarət alıb.
Hücum zamanı Kiyev şəhərinin Darnitski, Svyatoşin və Solominsk rayonlarında 12-dən çox lokasiyada dağıntı qeydə alınıb. Yaşayış binaları, tibb və təhsil müəssisələri zərər görüb. Anbarlar və böyük bir ərazi yanıb.
Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə açıqlamasında bildirib ki, hava zərbələri nəticəsində Kiyev bölgəsinin Brovarı rayonunda bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
02:56
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, hava hücumunun ilk 20 dəqiqəsi zamanı Rusiya Kiyev şəhərinə və vilayətinə təxminən 20 raket atıb.
Kiyev şəhər veri Vitali Kliçko bildirib ki, Svyatoşin rayonunda qeyri-yaşayış binasına zərbə endirilib. Darnitskidə isə qeyri-yaşayış binaları yanıb.
Bundan başqa, Solominsk rayonundakı uşaq xəstəxanasına ziyan dəyib, pəncərələr sınıb və avtomobillər yanıb.
Mer bildirib ki, həmçinin Solominsk rayonunda beşmərtəbəli binada dağıntı qeydə alınıb. Doqquzmərtəbəli yaşayış binasında da dağıntılar var. İlkin məlumata görə, insanlar dağıntılar altında qalıblar.
Kiyev şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, hava hücumu zamanı 2 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb. Dağıntıların təmizlənməsi işi davam etdiyindən, ölən və xəsarət alanların artacağı istisna edilmir.
Hava zərbələrindən sonra Kiyev şəhəri və vilayətinin bəzi hissələrində enerji verilişində problemlər yaranıb. Enerji infrastrukturlarına hava zərbələrinin endirildiyi bildirilir.
01:03
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə hava zərbələri endirir.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, hazırda şəhərdə güclü partlayış səsləri eşidilir. Hava zərbələri zamanı, əsasən, ballistik raketlərdən istifadə edilir.
Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb. Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.
Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.