Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb
Bu gün görkəmli muğam ifaçısı Xan Şuşinskinin anadan olmasından 125 il ötür
Bakı, 20 avqust, AZƏRTAC
Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkarlardandır.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 125 il ötür.
Xan Şuşinski Azərbaycan muğam ifaçılığı sənətinin dərin özüllü sənətkarlarından biri, muğam sənətimizin böyük siması kimi təqdim olunur. O, “muğam ifaçılığının Dədə Qorqudu”, “muğamımızın xanı” adlandırılıb. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.
AZƏRTAC-a təəssüratlarını bölüşən Xan Şuşinski Fondunun prezidenti, muğam ifaçısının qızı Bəyimxanım Cavanşirova-Verdiyeva deyib: “Uşaqlıqdan yaşadığı ailə və mühit atamın şeirə, qəzələ, muğama və musiqiyə böyük maraq göstərməsinə təkan verib. Onların evində tez-tez musiqili məclislər təşkil olunar, dövrün tanınmış sənətkarları, şairləri və musiqiçiləri bu məclislərə dəvət edilərdi. Xan Şuşinskinin səsi zamanının böyük ustadları tərəfindən hər zaman yüksək qiymətləndirilib. Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski onun səsinin bənzərsiz olduğunu vurğulayıblar. Üzeyir Hacıbəyli də Xan Şuşinskinin sənətinə böyük dəyər verib. Hətta vaxtilə atamı vokal sənətinin incəliklərini öyrənmək üçün İtaliyaya göndərmək istəyiblər. Lakin o, bu məsələdə atasının məsləhətini alıb. Atasının tövsiyəsindən sonra Xan Şuşinski xaricdə təhsil almaq fikrindən daşınaraq bütün yaradıcılıq ömrünü sevdiyi muğam sənətinə həsr edib”.
B.Cavanşirova-Verdiyeva bildirib ki, Xan Şuşinski bir sıra aşıq mahnılarını işləyərək onları xalq mahnısı formasına salıb. Gənclik illərində Tbilisidə keçirilən Zaqafqaziya festivallarında dəfələrlə birinci yeri tutaraq Qran-Pri mükafatlarına layiq görünüb.
“Xan Şuşinski sənət dünyasında bir çox ilklərə imza atıb. O, ilk dəfə simfonik orkestr və xalq çalğı alətləri orkestrinin müşayiəti ilə muğam ifa edən sənətkardır. Azərbaycan musiqi mədəniyyəti tarixində qadın xanəndə ilə duet oxuyan ilk sənətkar da məhz Xan Şuşinski olub. Onun Sara Qədimova və Şövkət Ələkbərova ilə ifa etdiyi duetlər Azərbaycan Radiosunun Qızıl Fondunda nəfis nümunələr kimi qorunub saxlanılır”, - deyə xanəndənin qızı əlavə edib.
Onun sözlərinə görə, Xan Şuşinski ilk dəfə Xankəndidə “Qarabağ” adlı ansambl yaradıb. Xan Şuşinski 1943-cü ildə, 42 yaşında Əməkdar artist fəxri adı almadan birbaşa Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb. Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.
Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.