“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur
Bakı, 20 avqust, AZƏRTAC
Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlarda, bir sıra kənd və qəsəbələrdə 0,4 və 10 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulur.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, yeni metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yaşayış məntəqələrində 10/0.4 kilovoltluq müasir Transformator Məntəqələri (TM) quraşdırılır.
Naxçıvan şəhərində 110/35/10 kilovoltluq “Koroğlu” yarımstansiyasının, Naxçıvan RETSİ-nin inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasının inşası davam edir.
Yenidənqurma işləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunus kəndlərini də əhatə edir.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.