İqlim dəyişikliyi Avropada dəniz səthinin temperaturunu sürətlə artırır – ARAŞDIRMA
Bakı, 20 avqust, AZƏRTAC
Alimlər Avropanı əhatə edən suların iqlim dəyişikliyi səbəbindən daha sürətlə isindiyini və həmin vəziyyətin təbiətə, ərzaq sistemlərinə və sahilyanı icmalara təsirlərinin artdığını müəyyənləşdiriblər.
AZƏRTAC xəbər verir ki, İsveçrə, İsveç, Amerika Birləşmiş Ştatları, İrlandiya və Böyük Britaniyadan olan beynəlxalq alimlərdən ibarət “World Weather Attribution (WWA)” qrupu iqlim dəyişikliyinin dəniz səthinin artan temperaturuna təsirini təhlil edib.
Təhlilə əsasən, yay dövründə İrlandiyadan Aralıq dənizinə qədər uzanan ərazidə istilik dalğaları müşahidə olunub və bəzi bölgələrdə dəniz səthinin temperaturu orta göstəricini 6 dərəcə üstələyib.
Alimlər müəyyən ediblər ki, qalıq yanacaqların istifadəsinin yaratdığı iqlim dəyişikliyi Aralıq dənizində təxminən 2, Biskay körfəzi və Pireney yarımadası ətrafındakı bölgədə 1,4, Kelt dənizi regionunda isə 1,3 dərəcə istiləşməyə səbəb olub.
Bu il Biskay körfəzi və Pireney yarımadasının sahilyanı ərazisinin 90, Qərbi Aralıq dənizinin 80 və Şərqi Aralıq dənizinin 70 faizi dəniz istilik dalğası şəraitindədir. Müəyyənləşdirilib ki, iqlim dəyişikliyi olmasaydı, həmin göstərici Biskay körfəzi və Qərbi Aralıq dənizində 40, Şərqi Aralıq dənizində isə 9 faiz olardı.
Həddindən artıq yüksək okean temperaturu mərcanlar, süngərlər və dəniz yosunları kimi yaşayış mühiti formalaşdıran növlərin kütləvi məhvinə səbəb ola bilər. Bu isə ekosistemlərdə zəncirvari təsirlərə gətirib çıxara bilər.
Dəniz istilik dalğaları quşların və məməlilərin populyasiyalarının sayında da ciddi azalmaya səbəb ola bilər.
London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin iqlim elmləri professoru Friederike Otto təhlillə bağlı bildirib ki, dənizlər qlobal orta temperaturun artım sürətini üstələyən templə istiləşir. “Bu vəziyyət quruda və dənizdəki canlı aləmə birbaşa təsir göstərir. Qalıq yanacaqlardan uzaqlaşmanı gecikdirməklə bir çox okean ekosistemini məhv olmaq həddinə daha da yaxınlaşdırırıq”, – deyə o qeyd edib.
Müxbir - Göyçək Mahmudlu