Fransa kibercinayətlərə qarşı xüsusi dövlət bölməsi yaradır
Paris, 20 avqust, AZƏRTAC
Fransanın Baş naziri Sebastyən Lökornü dövlət informasiya sistemlərinə qarşı kiberhücumlara operativ cavab verəcək yeni xüsusi bölmənin yaradılması barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, Milli Müdafiə və Təhlükəsizlik üzrə baş katib Nikola Roşa ünvanlanan məktuba əsasən, yeni struktur üç gün ərzində formalaşdırılmalıdır. Bölmənin əsas vəzifəsi kiberhücumların aşkarlanmasını, araşdırılmasını və onlara cavab tədbirlərinin sürətləndirilməsini təmin etmək olacaq.
S.Lökornü yeni bölmənin təşkili, fəaliyyət qaydaları, büdcəsi və rəhbəri ilə bağlı təkliflərin tezliklə təqdim edilməsini tələb edib. Baş nazir Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyindən (ANSSI) bu böhran missiyasına tam səfərbərlik göstərməsini istəyib.
Yeni kiberbölmənin əsas hissəsini ANSSI əməkdaşları təşkil edəcək. Zərurət yarandıqda isə Müdafiə və Daxili İşlər nazirliklərinin mütəxəssisləri, eləcə də ehtiyatda olan hərbçilər və digər mütəxəssislər bu qrupa cəlb oluna bilərlər. Bölmənin həssas sistemlərə giriş pozuntusu aşkar edilən kimi dərhal fəaliyyətə başlaması nəzərdə tutulur.
Lökornü yeni strukturdan hər kiberhücumdan sonra xüsusi təhlil hazırlamasını və əldə olunan təcrübə əsasında dövlətin müdafiə mexanizmlərinin təkmilləşdirilməsini də istəyir. Baş nazir bazar ertəsi rəqəmsal təhlükəsizliyə həsr olunmuş hökumətlərarası böhran iclası keçirmişdi. O, dövlətin kiberhücumlara qarşı daha çevik və güclü əməliyyat cavabına ehtiyac duyduğunu bildirib.
“Biz bu sahədə təşəbbüsü yenidən ələ almalıyıq”, – deyə Lökornü qeyd edib.
Yeni bölmənin yaradılması, xüsusilə Fransanın Vergi Baş İdarəsinə (DGFiP) qarşı həyata keçirilən son kiberhücumlar fonunda gündəmə gəlib. Bu hücumlar nəticəsində çoxsaylı şəxsi və peşəkar məlumatların oğurlandığı açıqlanmışdı.
Baş nazir hazırkı kibertəhlükəni kütləvi, təşkilatlanmış və hibrid xarakterli kimi qiymətləndirib. Onun sözlərinə görə, bu sahədə dövlətlərarası rəqabət aparan qüvvələr, cinayətkar şəbəkələr və ayrı-ayrı hakerlər arasında əlaqələr getdikcə artır.
Lökornü vurğulayıb ki, mübarizə yalnız maliyyə resurslarının artırılması ilə məhdudlaşmamalıdır. O, rəqəmsal təhlükəsizlik vərdişlərinin gücləndirilməsi, erkən aşkarlama, aydın idarəetmə, təlimlər və təcrübədən nəticə çıxarılmasının vacibliyini qeyd edib.
Fransa hökuməti 2027-ci il büdcəsində dövlətin əsas təhlükəsizlik imkanlarını daha da gücləndirmək üçün bu istiqamətdə səylərin artırılmasını planlaşdırır.